...

“Zəfər üçün oxu!” layihəsi çərçivəsində “Azərbaycan” mahnısına çəkilən klipin təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 23 Avqust 2024 01:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Zəfər üçün oxu!” layihəsinin təqdimat mərasimi baş tutub.

Trend xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli tədbirdə çıxış edərək bildirib ki, klipin çəkilişləri işğaldan azad edilən ərazilərdə aparılıb. O, layihənin məqsədinin vətənpərvərlik ruhunu artırmaq, zəfər sevincini və vətən sevgisini dinləyicilərə çatdırmaq, Qarabağ uğrunda döyüşən igidləri bir araya gətirmək olduğunu vurğulayıb. Layihə çərçivəsində, sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğluna, musiqisi isə Bəbir Bəbirliyə məxsus olan yeni “Azərbaycan” mahnısını İkinci Qarabağ müharibəsi iştirakçıları qazilər Məbud Əhmədov, Cahangir Əliyev və Murad Bayramlı ifa ediblər. Klipin çəkilişləri zamanı ifaçıların geyimləri Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru və dizayner Gülnarə Xəlilova tərəfindən təmin olunub. Klipin rejissoru Elnur Cəbrayılov, operatoru isə Orxan Qurbanovdur. Ülviyyə Bəbirli əlavə edib ki, çəkilişlər zamanı doğma torpaqlarda abadlaşmanı görmək sevinc və qürur hissi doğurub.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva isə layihənin vətənpərvərlik ideyalarını bir araya gətirdiyini qeyd edib. O, Şanlı Zəfərdən sonra sosial həyatın bütün sahələrində köklü dəyişikliklərin baş verdiyini bildirib.

“Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan III qrup Qarabağ əlili Məbud Əhmədov da öz təəssüratlarını bölüşüb.

Tədbirdə Prezident Administrasiyasının QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, mədəniyyət naziri müavinləri Səadət Yusifova və Fərid Cəfərov, mədəniyyət nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, hərbi qulluqçular və qazilər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti