Bakı. Trend:
Bakı və Sumqayıt vağzallarında, eləcə də Koroğlu və Pirşağı stansiyalarında kəsintisiz internet bağlantısı təmin edən pulsuz “Wi-Fi” zonalarında internetin keyfiyyəti təkmilləşdirilib.
Trend xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarında Sərnişindaşımlar departamentinin rəisi Azər Fərəcov COP29 tədbirinə hazırlıq çərçivəsində media nümayəndələri üçün təşkil olunmuş brifinqdə deyib.
O bildirib ki, bununla yanaşı, qatarlarda yenicə istifadəyə verilmiş pulsuz internet xidmətinin keyfiyyətinə müntəzəm nəzarət təşkil edilir:
"Eyni zamanda, sərnişin daşımaları üçün istifadə edilən qatarların monitorları COP29 mövzusuna uyğun vizual materiallarla brendləşdirilib, qatarlarda əsaslı kimyəvi təmizləmə işləri həyata keçirilib. Sərnişinlərin mənzilbaşına vaxtında və təhlükəsiz çatdırılması üçün rezerv qatarlar ayrılıb".
"Daşımaların təhlükəsiz və vaxtında təşkili üçün mühafizə xidməti gücləndirilmiş iş rejimində çalışır. Qatarlarda və platformalarda mühafizə əməkdaşlarının sayı artırılıb. Stansiya və vağzallarda, həmçinin, digər infrastruktur obyektlərində ADY-nin Mühafizə departamentinin və Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə günboyu mühafizə xidməti aparılır.
Bakı Dəmiryol Vağzalında yerləşən situasiya mərkəzinin fəaliyyəti təkmilləşdirilərək sərnişinlər, qatarlar, vağzal və stansiyaların təhlükəsizliyinə fasiləsiz nəzarət edilir", - deyə A.Fərəcov əlavə edib.