...

Dövlət İmtahan Mərkəzi peşəkar mühasib sertifikatı imtahanının ilk mərhələsini keçirib (YENİLƏNİB)

Cəmiyyət Materials 3 Noyabr 2024 15:47 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi peşəkar mühasib sertifikatı imtahanının ilk mərhələsini keçirib (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 3-də peşəkar mühasib sertifikatı (PMS) imtahanının birinci mərhələsini - mühasibat uçotu üzrə imtahanı təşkil edib.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 9 binada kağız daşıyıcılar vasitəsilə keçirilib. İmtahan prosesinə 9 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri və 162 nəzarətçi cəlb olunub.

İmtahan 3 saat davam edib və iştirakçılara 40 test tapşırığı təqdim edilib. Tapşırıqların 30-u qapalı, 10-u isə açıq tipli olub. Namizədlər maksimum 100 bal toplaya bilərlər. Qapalı tipli sualların 20-si 1 balla, 10-u isə 2 balla qiymətləndirilib. Açıq tipli sualların 8-i 5, 2-si isə 10 balla dəyərləndirilib.

İmtahan nəticələri yazılı cavab tələb edən sualların yoxlanılması səbəbindən yaxın 5 həftə ərzində açıqlanacaq.

xxx

09:00

Noyabrın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) keçirir.

DİM-dən Trend-ə bildirilib ki, imtahan vermək üçün 1754 (KOSS - 376, MHBS - 647, İSMUBS - 731) nəfər müraciət edib.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.

Üç saat davam edən imtahanda namizədlərə 40 test tapşırığı təqdim olunur. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- imtahana buraxılış vərəqəsi.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 9 binada təşkil ediləcək. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 162 nəzarətçi cəlb olunub.

Xəbər lenti

Xəbər lenti