...

Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzlərinin tanınması qaydası təsdiqləndi

Cəmiyyət Materials 8 Yanvar 2025 15:59 (UTC +04:00)
Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzlərinin tanınması qaydası təsdiqləndi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzlərinin tanınması Qaydası təsdiq edilib.

Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş bazir Əli Əsədov imzalayıb.

Bu Qayda “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinə uyğun olaraq hazırlanıb və digər dövlətdə yerləşən aviasiya personalının, habelə aviasiya personalının şəhadətnamə, vəsiqə və sertifikatlarını almaq istəyən namizədlərin və tələbələrin hazırlığı ilə məşğul olan tədristəlim mərkəzlərinin tanınması ilə bağlı tələbləri müəyyən edir.

Bu Qayda ilə tənzimlənməyən məsələlər “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiya və həmin Konvensiyaya 1 saylı Əlavə - “Aviasiya personalının sertifikatlaşdırılması” Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi, o cümlədən “Doc 9841, təlim təşkilatlarının təsdiqi haqqında Təlimat” nəzərə alınmaqla həyata keçirilir.

Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədristəlim mərkəzlərinin (bundan sonra – xarici təlim təşkilatları) tanınması həmin xarici təlim təşkilatlarının birbaşa müraciəti və ya bu Qaydanın 2.9-cu bəndində nəzərdə tutulmuş müqavilə əsasında həyata keçirilir.

Bu Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.

Bu Qaydada istifadə olunan anlayışlar Qanun, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları və mülki aviasiya sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyənləşdirilmiş mənaları ifadə edir.

Xarici təlim təşkilatlarının tanınması digər dövlətdə verilmiş analoji sənədin şərtlərindən Azərbaycan Respublikasının ərazisində istifadə etmək imkanı verir.

Tanınmanın hüquqi qüvvəsi digər dövlətdə verilmiş sənədin hüquqi qüvvəsi ilə müəyyən edilir.

Xarici təlim təşkilatlarının tanınması üçün aşağıdakı məlumatlar və sənədlər Agentliyə təqdim edilir:

hüquqi şəxsin adı, ünvanı, qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışı, elektron ünvanı və əlaqə nömrəsi;

xarici təlim təşkilatlarının fəaliyyətini təsvir edən, habelə bu Qaydaya uyğunluğunu təmin etmək üçün yerinə yetirdiyi prosedurları özündə ehtiva edən təlimatı;

Qanunun 9.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş məbləğdə xidmət haqqının ödənilməsini təsdiq edən sənəd;

digər dövlətin mülki aviasiya sahəsində səlahiyyətli qurumu tərəfindən verilmiş təlim təşkilatına dair sübutedici sənədi.

Bu Qaydada nəzərdə tutulmuş məlumatlarda və sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, Agentlik tərəfindən bu barədə xarici təlim təşkilatlarına 5 (beş) gündən gec olmayaraq məlumat verilir. Xarici təlim təşkilatları aşkar edilən çatışmazlıqları 10 (on) gün ərzində aradan qaldıraraq, Agentliyə təkrar müraciət edir. Həmin müddətdə çatışmazlıqlar aradan qaldırılmadıqda müraciət baxılmamış saxlanılır.

Bu Qaydada nəzərdə tutulmuş məlumatlarda və sənədlərdə çatışmazlıqlar olmadıqda və ya aşkar edilən çatışmazlıqlar bu Qayda ilə müəyyən edilmiş müddətdə aradan qaldırıldıqda Agentlikdə sənədlər qeydə alındığı gündən sonra 60 (altmış) gün müddətində xarici təlim təşkilatlarının bu Qaydanın tələblərinə uyğun olmasını yoxlamaq məqsədilə müfəttiş yoxlaması təşkil edilir.

Müfəttiş yoxlamasına aşağıdakılar daxildir:

xarici təlim təşkilatlarının bu Qayda ilə müəyyən edilmiş tələblərə və bu Qaydada nəzərdə tutulmuş məlumat və sənədlərə uyğunluğunun yoxlanılması;

xarici təlim təşkilatlarının binalarının, təlim kompleksinin obyektlərinin, texniki avadanlığın vəziyyətinin və təhsil prosesinin təşkilinin qiymətləndirilməsi;

hazırlıq prosesində istifadə olunan metodikaların effektivliyinin təmin edilməsinin və təlim alanlara təqdim olunan materialların tam məzmununu əhatə etdiyinin yoxlanılması.

Müfəttiş yoxlaması zamanı nöqsan aşkar edildikdə 15 (on beş) gün müddətində hər bir nöqsan üzrə əsas səbəb və nöqsanın aradan qaldırılması üçün tələb olunan icra müddəti göstərilməklə tədbirlər planı hazırlanıb təsdiq edilərək Agentliyə təqdim olunmalıdır. Xarici təlim təşkilatı bu planı həmin müddət ərzində təqdim etmədikdə müraciət baxılmamış saxlanılır.

Müfəttiş yoxlaması zamanı nöqsan aşkar edilmədikdə 15 (on beş) gün müddətində xarici təlim təşkilatlarının Agentlik tərəfindən tanınmanın verilməsi və ya imtina barədə qərar qəbul edilir, 3 (üç) iş günü müddətində təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

Xarici təlim təşkilatlarının tanınması həmin dövlətdə mülki aviasiya sahəsində səlahiyyətli qurum və ya uçuşların təhlükəsizliyi üzrə regional təşkilatlar ilə Agentlik arasında müqavilə bağlanılmaqla həyata keçirilə bilər.

Bu Qaydaya uyğun müəyyən edilmiş tələblər tanınmış təlim təşkilatı tərəfindən yerinə yetirilmədikdə Agentlik tərəfindən verilmiş tanınmanın qüvvəsi məhdudlaşdırıla, dayandırıla və ya ləğv edilə bilər.

Tanınmanın ləğv edilməsi və ya qüvvəsinin dayandırılması barədə qərar Agentlik tərəfindən qəbul edilir. Bu zaman tanınmanın sahibi Agentliyin verdiyi qərara əsasən öz imtiyazlarından istifadə edə bilməz.

Agentlik tanınmanın qüvvəsini dayandırmazdan və ya onu ləğv etməzdən əvvəl tanınması həyata keçirilmiş xarici təlim təşkilatlarına əsası göstərilməklə dayandırılma və ya ləğvedilmə barədə bildiriş göndərir.

Qüvvəsi məhdudlaşdırılmış və ya dayandırılmış tanınmanın etibarlılığı aşkar edilmiş pozuntuların aradan qaldırılmasından sonra bərpa edilir.

Xarici təlim təşkilatları üçün tələblər aşağıdakılardır:

təşkilatın yerləşdiyi obyektin ölçüsü və strukturu, mövcud hava şəraitindən mühafizəni və istənilən bir gündə planlaşdırılan bütün təlim və imtahanların keçirilməsini təmin etməlidir;

nəzəri təlimlərin və nəzəri bilik imtahanlarının keçirilməsi məqsədilə digər obyektlərdən ayrı tam qapalı, habelə tələbələrin rahatçılığı və diqqətlərinin yayınmaması üçün uyğunlaşdırılmış otaqlar olmalıdır;

əsas təlim kursu zamanı planlaşdırılmış təlim kursuna uyğun praktiki təlim üçün tədris siniflərindən ayrı əsas təlim emalatxanaları və (və ya) texniki xidmət obyektləri olmalıdır. Təşkilat bu cür obyektləri təmin edə bilmədikdə, belə emalatxanaların və (və ya) texniki xidmət obyektlərinin təmin edilməsi üçün başqa təşkilatla razılaşmalar aparıla bilər. Bu halda həmin təşkilatla onlardan giriş və istifadə şərtləri müəyyən edilməklə yazılı müqavilə imzalanmalıdır. Agentlik müqavilə bağlanılmış təşkilatdan giriş imkanının yaradılmasını tələb edə bilər və həmin müqavilədə bu imkan göstərilməlidir;

hava gəmisinin növü üzrə təlim kursu zamanı müvafiq hava gəmisi növünün nümunələri olan obyektlərə giriş təmin edilməlidir;

hər hansı bir təlim kursu zamanı praktiki təlim keçən tələbələrin maksimum sayı bir təlimatçı və ya qiymətləndirici olmaqla 15-dən çox olmamalıdır;

təlimatçılar, nəzəri biliyi yoxlayanlar və praktiki qiymətləndiricilər üçün onların rahatlığına və diqqətlərinin yayınmamasına uyğunlaşdırılmış ofis otaqları olmalıdır;

imtahan və təlim sənədlərinin saxlanılması üçün təhlükəsiz otaqlar olmalıdır;

təlimlərin əhatə dairəsinə və səviyyəsinə uyğun olan bütün texniki materiallarla təchiz edilmiş və tələbələrin girişi təmin edilən kitabxana olmalıdır;

təlimatçı və imtahangötürənlər ən azı 24 aydan bir müasir texnologiyaları, praktiki bacarıqları, insan amili və öyrədilən və ya yoxlanılan biliklərə uyğun olan ən son təlim üsullarını özündə ehtiva edən təkrar təlim keçməlidirlər;

bütün personalın öhdəlikləri, onlara dair bilik, bacarıq, təcrübə və ixtisas tələbləri aidiyyəti vəzifə təlimatlarında detallı əks olunmalıdır.

Xarici təlim təşkilatlarının tanınması zamanı Agentlik tərəfindən aşağıdakı meyarlar nəzərə alınır:

xarici təlim təşkilatlarının həmin dövlətdə mülki aviasiya sahəsində səlahiyyətli qurumu tərəfindən tanınması;

xarici təlim təşkilatlarının fəaliyyət göstərdiyi ölkənin Beynəlxalq Mülki Aviasiya Təşkilatının üzv dövləti olması;

xarici təlim təşkilatlarına tətbiq olunan tələblərin Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən müəyyən edilmiş minimum standartlara uyğun olması;

aviasiya personalının hazırlıq proqramlarının bu Qaydaya uyğun tələblərə cavab verməsi, tədris metodu və texniki vasitələrinin effektiv və keyfiyyətli tədris prosesini təmin etməsi.

Xəbər lenti

Xəbər lenti