Bakı. Trend:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Floridada keçirdiyi mətbuat konfransında jurnalistlərdən birinin İranla bağlı sualına sərt cavab verib.
Trend xəbər verir ki, bu barədə "Forbes Breaking News" məlumat yayıb.
Məlumata görə, Tramp jurnalistin hakimiyyətə gəlişindən sonra ABŞ-nin İranın nüvə obyektlərinə qarşı əməliyyatlar keçirməsinin mümkünlüyü ilə bağlı sualına “ancaq axmaq adam buna cavab verər” deyə bildirib.
“Bu hərbi strategiyadır və mən bizim hərbi strategiyamızla bağlı suala cavab verməyəcəm. Yalnız axmaq adam belə buna cavab verər”, - deyə Tramp əlavə edib.
Qeyd edilir ki, Birləşmiş Ştatlar uzun illərdir İranın nüvə silahları əldə etməsinə əngəl olmağa çalışır. Rəsmi Tehran uranın zəngilləşdirilməsi ilə bağlı proqramının yalnız mülki məqsədlər daşıdığın iddia edir.
Xatırladaq ki, Donald Trampın ilk prezidentliyi dövründə ABŞ 2015-ci ildə İranla bağlanmış nüvə sazişinindən birtərəfli olaraq çıxıb.