Bakı. Trend:
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Trend xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Prezident İlham Əliyev ilə görüşü zamanı deyib.
Maqdalena Qrono yeni vəzifədə dövlətimizin başçısı tərəfindən qəbul olunmasına görə minnətdarlığını ifadə etdi.
O, təyyarə qəzası ilə bağlı dərin hüznlə başsağlığını çatdıraraq, aviaqəzanın bütün səbəblərinin hərtərəfli şəkildə araşdırılacağına ümidvarlığını bildirdi.
Azərbaycanın Avropa İttifaqının vacib tərəfdaşı olduğunu deyən qonaq vurğuladı ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasında maraqlıdır.
Maqdalena Qrono ölkəmizin region və onun hüdudlarından kənar kontekstində əhəmiyyətinə toxunaraq, bu xüsusda Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun önəmini vurğuladı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini deyən qonaq, xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd etdi.