...

NGIC COP29-dan çıxan mühim təşəbbüslərin icrasına dəstək olmaq üçün bir sıra beynəlxalq forumlar təşkil edəcək (Müsahibə)

Yaşıl iqtisadiyyat Materials 8 Yanvar 2025 11:17 (UTC +04:00)
NGIC COP29-dan çıxan mühim təşəbbüslərin icrasına dəstək olmaq üçün bir sıra beynəlxalq forumlar təşkil edəcək (Müsahibə)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGIC) BMT-nin "Gələcəyin Paktı" və COP29-dan çıxan digər mühim təşəbbüslərin icrasına dəstək olmaq üçün bir sıra beynəlxalq forumlar, işçi qrupları və layihələr təşkil edəcək.

Bu barədə Trend-ə müsahibəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Strategiya və Dayanıqlı İnkişaf üzrə Baş Mütəxəssisi Rza Əliyev deyib.

Onun sözlərinə görə, COP29 yalnız Azərbaycan və NGIC üçün deyil, həm də davamlı gələcək qurmaq və iqlim dəyişikliyinə qarşı mübarizə aparmaqda dünya üçün mühim bir mərhələ oldu: “2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 və 2025 ildə Braziliyada keçiriləcək COP30 ilə müqayisədə – hansı ki, hər iki tədbirin təşkilatçıları 2-3 il hazırlıq üçün vaxt əldə etmişdilər – Azərbaycan çox az müddət ərzində, cəmi bir neçə ayda bu tədbiri hazırladı. 2024-cü ilin martında keçirilən XI Qlobal Bakı Forumundan dərhal sonra Mərkəz COP29 Prezidentliyi ilə erkən tərəfdaşlıq quraraq, tədbirin uğurla keçirilməsinə dəstək vermək üçün tam prosesə qoşuldu. İl ərzində nazir Muxtar Babayev COP29 Prezidentliyi ilə birlikdə COP29 Beynəlxalq Məsləhət Şurasını formalaşdırmağa dəstəklədi, eləcə də BMT-nin yüksək vəzifəli nümayəndələri və iqlim aktivistləri ilə onlarla görüşlər təşkil edərək, COP29 hazırlıqları haqqında məlumatlandırdı və qlobal müzakirələrə töhfə verdi”.

R.Əliyev əlavə edib ki, NGIC həmçinin iqlim mövzusunda bir sıra mühim beynəlxalq tədbirlərdə iştirak etdi, o cümlədən Bonn danışıqları, London İqlim Həftəsi və hər il Nyu-Yorkda BMT Baş Assambleyası vaxtı keçirilən Mərkəzin illik Yüksək Səviyyəli Görüşündə COP29 mərkəzi mövzu kimi müzakirə edildi.

“COP29 zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin iştirakı yüksək səviyyədə qiymətləndirildi. Biz 16-dan çox yüksək səviyyəli panel təşkil etdik və üzvlərimiz 20-dən çox digər panel müzakirələrində fəal iştirak etdilər. Bundan əlavə, Bangladeşin ölkə başçısı və Nobel Laureatı Professor Məhəmməd Yunus, Dr. Tedros Adhanom Ghebreyesus (ÜST), Rebeca Grynspan (UNCTAD), Doreen Bogdan Martin (ITU) və Achim Steiner (UNDP) kimi beynəlxalq liderlərlə işgüzar nahar və axşam yeməyi müzakirələri keçirdik. Tədbir çərçivəsində Mərkəz 25 ölkədən və 8 BMT agentliyindən olan 80-dən çox qonağa ev sahibliyi etməklə qlobal əməkdaşlıq ruhunu daha da gücləndirdi”, - deyə NGIC baş mütəxəssisi bildirib.

R.Əliyevin sözlərinə görə, COP29 zamanı NGIC BMT və onunla əlaqəli qurumlar, həmçinin nüfuzlu beynəlxalq təşkilatlarla strateji tərəfdaşlıqları dərinləşdirdi: “Bizim tərəfdaşlarımız arasında Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, UNDP, UN Women, UNAIDS və digər BMT agentlikləri ilə yanaşı, Ban Ki-Moon Qlobal Vətəndaşlar Mərkəzi, CGİAR, Vital Voices Global Partnyorluqu, Bill və Melinda Gates Fondu və Klinton Qlobal Təşəbbüsü kimi qurumlar yer alıb. Bu əməkdaşlıqlar iqlim dəyişikliyi ilə mübarizədə daha təsirli layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaratdı. Lakin bizim üçün ən əhəmiyyətli nailiyyət Prezident İlham Əliyevin və COP29 Prezidentliyinin bizim mərkəzin üzvü, Kuala Lumpur şəhərinin meri Maymuna Mohd Şərifi Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin açılışında çıxışı üçün dəvət etmələri oldu. Bununla yanaşı, bəzi dövlət xadimlərimiz – Səhiyyə naziri, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri, Kənd Təsərrüfatı naziri və Ailə, Qadın və Uşaq Məsələləri üzrə Parlament Komitəsinin sədri – bizim panellərimizə qatıldılar və müzakirələrə töhfə verdilər. Bu nailiyyətlər, iqlim dəyişikliyinə qarşı mübarizədə müxtəlif sektorları və səviyyələri bir araya gətirmək üçün NGIC-in nə qədər vacib bir platforma olduğunu göstərir”.

O qeyd edib ki, COP29-un çox vacib bir missiyası var idi – COP28-də əldə olunan uğurların ardıcıllığını təmin etmək, bir il ərzində nə qədər iş görüldüyünü dünyaya göstərmək və ən əsası – öz irsini yaradaraq iqlim danışıqlarını irəli aparmaq.

“COP29 böyük bir xəbər ilə başladı – Karbon danışıqları və Maddə 6 çərçivəsində əldə olunan uğurlar. Və iki həftə ərzində iqlim maliyyələşdirilməsi (NCQG) və Zərər və Ziyan Fondu üzrə tarixi nailiyyətlər əldə edildi. Mərkəz və onun üzvləri bu müzakirələrdə fəal iştirak edərək öz ölkələrindəki auditoriya və nümayəndələrə məlumat çatdıraraq, COP29-un ev sahibin mesajını gücləndirmək və konsensus əldə olunmasına dəstək durmaq üçün kommunikasiya kanalı rolunu oynadılar. Mərkəzin-in COP29 cərçivəsində təşkil etdiyi müzakirələr konkret həll yollarına yönəlmişdi və multidissiplinar yanaşma ilə iqlim problemlərinə yenilikçi həllər təklif etdi. Panellərimizdə iqlim və sağlamlıq, rəqəmsal yaşıl keçid, qadın liderliyinin rolu kimi mövzular müzakirə olundu. Bu müzakirələr beynəlxalq əməkdaşlığı gücləndirərək iqlim dəyişikliyi ilə mübarizədə təsirli mexanizmlərin yaradılmasına təkan verdi. COP29-un tarixi nailiyyətini əldə etdikdən sonra, bizim işimiz onun icra mərhələsinə dəstək olmaq və Bakıdan Beləmə gedən yolu düşünməkdir”, - R.Əliyev bildirib.

O əlavə edib ki, COP29-dan dərhal sonra Mərkəz və onun üzvləri Portuqaliyaya yola düşərək BMT-nin Sivilizasiyalar Alyansı Forumunda iştirak etdilər, daha sonra isə Madriddə Imperial Springs Forumuna ev sahibliyi edərək, orada COP29-un əsas nəticələrini müzakirə etdik.

“Bu ilin yanvar ayında keçiriləcək Cenevrə Konfransımızda COP29-un icrası xüsusi diqqət mərkəzində olacaq və əlbəttə ki, mart ayında Bakıda keçiriləcək XII Qlobal Bakı Forumunda COP29 ən vacib mövzulardan biri olacaq. Bununla yanaşı, bu il bir çox mühim iqlim konfranslarında iştirak etməyi və COP30-da fəal iştirak etməyi planlaşdırırıq. Uzunmüddətli planlarımız, COP29 nəticələrinin həyata keçirilməsinə dəstək olmaq və qlobal əməkdaşlığı daha da gücləndirmək üçün müxtəlif tərəfdaşlarla birgə layihələrin inkişafını əhatə edir. Beynəlxalq Məsləhət Şurasında təmsil olunan üzvlərimiz iqlim dəyişikliklərinə dair müzakirələrin strukturlaşdırılmasına və dayanıqlı inkişaf məqsədlərinin təşviqinə əhəmiyyətli töhfə verdilər. Onlar iqlim və sağlamlıq, sosial ədalət və enerji keçidinə dair tövsiyələr irəli sürdülər. Bu işlər qlobal qərar qəbul edənlər üçün əhəmiyyətli yol xəritəsi rolunu oynadı”, - NGIC baş mütəxəssisi qeyd edib.

Onun sözlərinə görə, Mərkəz COP29 nəticələrinin icrasına diqqət ayıracaq və COP30-a hazırlıq üçün yeni təşəbbüslər həyata keçirəcək: “Biz BMT-nin "Gələcəyin Paktı" və COP29-dan çıxan digər mühim təşəbbüslərin icrasına dəstək olmaq üçün bir sıra beynəlxalq forumlar, işçi qrupları və layihələr təşkil edəcəyik. BMT agentlikləri və beynəlxalq təşkilatlarla mövcud tərəfdaşlıqlarımızı dərinləşdirərək iqlim dəyişikliyinə qarşı mübarizədə daha çox təsir yaratmaq niyyətindəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti