Bakı. Trend:
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov xəstəxanada vəfat edib.
Trend xəbər verir ki, bu barədə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin rəhbəri Sənan Şəfizadə məlumat yayıb.
Eyni zamanda, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan Həşimov Qasım Murtuz oğlunun 08.01.2025-ci il tarixində saat 12:55-də ölüm faktı qeydə alınıb.
Pasiyentin ölümünün ilkin səbəbi kimi poliorqan çatışmazlığı qeyd olunur.
Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 3 dekabr 2024-cü ildə yaşadıqları evdə baş verən partlayış nəticəsində mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov və anası Aida Həşimova xəsarət alıb. Q.Həşimov bədən səthinin 55%-ni əhatə edən II və III dərəcəli yanıq xəsarətləri ilə ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olmuşdu.