Bakı. Trend:
Azərbaycan hər zaman Cənubi Qafqaz regionunda sülhün və sabitliyin tərəfdarı olub. Lakin Ermənistan öz havadalarının dəstəyi ilə regionda sülhə mane törədib. Zəngəzur dəhlizinin indiyə qədər açılmaması da Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyinin nəticəsidir və regionda sülh prosesini, yeni əməkdaşlıq mühitinin formalaşmasını, ümumilikdə regionun inkişafını əngəlləyir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfəri nəticəsində imzalanan üçtərəfli bəyanatla Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik götürdü:
“Lakin Ermənistan hələ də bu prosesi ləngidir və regionda yeni əməkdaşlıq mühitinin formalaşmasını əngəlləyir. Azərbaycan bu dəhlizin açılması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Zəngərzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region ölkələri, Ermənistan üçün də böyük əhəmiyyət daşıyır. Ermənistan anlamır ki, Zəngəzur dəhlizinin açılması onun özü üçün böyük faydalar gətirə, yeni imkanlar aça bilər. Zəngəzur dəhlizinin açılması region ölkələri tərəfindən də dəstəklənir.
Ermənistan nəzərə almalıdır ki, artıq onun qeyri-konstruktiv mövqeyi dünya birliyi tərəfindən qəbul olunmur, dünyada baş verən proseslər göstərir ki, Ermənistanın müttəfiqləri siyasi səhnədən gedir. Zaman Ermənistanın əleyhinə işləyir və ölkə hər gün özünü daha çətin duruma salır.
Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı Zəngəzur dəhlizinin açılmasının vacibliyinə diqqət çəkdi. Dövlət başçısı diqqətə çatdırdı ki, “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”.
Hesab edirəm ki, Ermənistanın Zəngəzur dəhlizinin açılmasını təmin etməkdən başqa çıxış yolu yoxdur. Ermənistan baş verən proseslərdən doğru nəticə çıxarmalı, regionda inkişaf prosesinə mane olmaqdan əl çəkməlidir”.