...

Qərbli havadarlarından ümidi kəsilən İrəvan siyasi meydanda tək qalıb? – ŞƏRH

Siyasət Materials 8 Yanvar 2025 13:13 (UTC +04:00)
Qərbli havadarlarından ümidi kəsilən İrəvan siyasi meydanda tək qalıb? – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də yerli televiziya kanallarına müsahibəsində hazırkı tarixi mərhələdə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başladığını elan və yeni statusda olan Azərbaycanı yenidən dünyaya təqdim etmiş oldu. Azərbaycan artıq heç də 2020-ci ildən sonrakı Azərbaycan deyil, tamamilə fərqli statusda olan, regional və qlobal təsir baxımından yeni imkanlar əldə etmiş, güclənmiş Azərbaycandır. Buna görə də Fransadan tutmuş Ermənistana qədər bir sıra ölkələr Azərbaycanın mövqeyini nəzərə almağa məcburdurlar.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Azərbaycanın güclü dövlət olması bəzi qüvvələrdə narahatlıq yaradır:

“Əslində Fransa Prezidentinin Azərbaycana qarşı davranışları, onun Azərbaycan mövzusu olmadan bir növ yaşaya bilməməsi məsələsi də Azərbaycanın gücünün etiraf olunması deməkdir. Azərbaycan Prezidenti İlham Əliyev dedi ki, biz bununla fəxr edirik. Dünya siyasətini təyin edən, BMT-nin 5 daimi üzvündən biri olan ölkə Azərbaycanın fəaliyyətindən narahatdırsa, demək ki, Azərbaycan güclüdür. Məsələnin mahiyyəti bundan ibarətdir. Prezident İlham Əliyev bunun izahını da çox yaxşı təsvir etdi, dedi ki, güclü və gücsüz ölkələr olmur, güclü və gücsüz liderlər olur. Güclü liderlər öz ölkələrini güclü etməyə qadir olurlar. Mənə elə gəlir ki, əldə etdiyimiz nailiyyətlərin səbəblərindən biri də Azərbaycanın güclü liderinin olmasıdır”.

O, İrəvanın siyasi meydanda yalnız qalmasından da bəhs edib:

“Azərbaycan Prezidenti İlham Əliyevin toxunduğu bir məsələ də regional reallıqlarla bağlıdır. Son bir neçə ayın içində Ermənistanın güvəndiyi, dostluq etdiyi, arxalandığı, onu silahlandıran bir çox siyasətçilər artıq siyasi səhnəni tərk edirlər. Buraya Suriya, Kanada, ABŞ-dəki sorosçular da daxildir. Bunların hamısı Ermənistanın yenidən regionda yalnızlaşmasına gətirib çıxardı. Prezident İlham Əliyev də bunu deyirdi. Bu məsələnin izahı da sadə deyil. Çünki siyasətçilər həm də strateqlər olmalıdırlar. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi strategiyası əvvəlcədən hesablanmışdı. Nikol Paşinyanın siyasi arenada tək qalması siyasi proseslərin məntiqi nəticəsidir. Növbəti mərhələdə Prezident İlham Əliyev bu məsələni Zəngəzur dəhlizinin açılması kontekstində qoydu və dedi ki, dəhliz açılacaq”.

Hikmət Babaoğlu Bakı-Vaşinqton münasibətlərində yeni səhifənin açılma ehtimalından da danışıb:

“Düşünürəm ki, yanvarın 20-dən, ABŞ-də hakimiyyətin dəyişilməsi prosesi tam başa çatdıqdan sonra Azərbaycan öz məqsədlərinə bir qədər daha yaxın olacaq. Çünki Azərbaycan-ABŞ münasibətlərində də yeni səhifə açıla bilər. Prezident İlham Əliyev Azərbaycanın buna hazır olduğunu ifadə etdi və düşünürük ki, ABŞ də öz milli maraqları naminə buna hazır olacaq. Artıq yeni regional və qlobal şərtlər içərisində ermənilərin sülhə gəlməsi zərurəti daha aktual oldu. Gəlməsələr belə, Azərbaycan yumşaq güc vasitələri ilə sülhü birtərəfli qaydada daha da yaxınlaşdıracaq”.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Trend-ə bildirib ki, Azərbaycan həmişə başqa dövlətlərlə münasibətilərini beynəlxalq hüququn normalarında əksini tapan prinsiplər əsasında qurmağa üstünlük verib:

“Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi özünün konstitusion niyyətlərindən biri kimi müəyyən edib. İstər Ulu Öndərin, istərsə də Prezident İlham Əliyevin hakimiyyəti illərində dövlətin xarici siyasət kursunun əsas istiqamətləri beynəlxalq hüququn aliliyinin təmin olunmasına yönəlib və ötən dövr ərzində bizim bütün mübarizə tariximiz, o cümlədən Vətən müharibəsi və antiterror tədbirlərindəki uğurlarımızın hədəfi beynəlxalq hüququn aliliyində ifadə olunub”.

O qeyd edib ki, beynəlxalq hüququn ayrılmaz elementi olan demokratiya və insan haqları tandemləri bir çox qlobal güclər tərəfindən məkrli və təcavüzkar niyyətlərin həyata keçirilməsi naminə pərdə kimi istifadə edilib.

“O cümlədən ABŞ-nin Soros hakimiyyəti, Fransa, Kanada, bir sıra avrosturukturlar bu prosesdə xüsusi rol oynamış, Azərbaycanın 30 il ərzində işğalda saxlanılan beynəlxalq hüquqla tanınan ərazilərinə baxış ikili və qərəzli standartlara əsaslanmışdır. Həmin dövlətlər açıq formada nümayiş etdirmişlər ki, Cənubi Qafqaz regionunda dövlətlərin müstəqil davranışı onların maraqları üçün təhdiddir və bölgədə hər hansı dövlətin güclənməməsi, suveren imkanlara malik olmaması üçün regionda münaqişələrin mövcudluğu şərtdir. Lakin Prezident İlham Əliyevin qətiyyətli siyasəti ölkəmizin siyasi və iqtisadi müstəqilliyini bərqərar etməsi, güclü ordu quruculuğu və müdafiə sənayəsinin inkişafı Azərbaycana müstəqil hərbi-siyasi güc kimi davranmağa imkan verdi. Bir çox Qərb dövlətlərinin açıq şəkildə Ermənistanı müdafiə etməsinə baxmayaraq, Azərbaycan Ermənistanın timsalında bütövlükdə şər blokuna qalib gələrək regionda işğala, təcavüzə və separatizmə son qoydu. Vətən müharibəsi və antiterror tədbirlərindən sonrakı dövrdə Azərbaycan əleyhinə bir çox formalarda başlanan qərəz, böhtan dolu kampaniylara və siyasi hücumlara baxmayaraq, ölkəmiz bu siyasi mübarizədən və informasiya müharibəsindən də qalib kimi çıxdı. Nəticədə istər Fransa, istər ABŞ-nin Soros hakimiyyəti, istərsə də regionda qeyri-adekvat maraqlara söykənən digər güclər tam şəkildə fiaskoya uğradılar”, - deputat əlavə edib.

Bəhruz Məhərrəmov vurğulayıb ki, Azərbaycan digər dövlətlərin daxili yurisdiksiyasında olan məsələlərə qarışmaq niyyətində deyil:

“O qənaətdəyik ki, hər hansı ölkədə hakimiyyətin dəyişməsi yalnız xalqın iradəsi ilə baş tutur, lakin Kanada timsalında aydın formada görürük ki, Azərbaycan əleyhinə güc və imkanlarını səfərbər etmiş bir sıra güclər əslində müstəqil deyil, aid olduğu ölkənin xalqının iradəsini təmsil etmir. Piramidaya bənzər bu sistemdə isə yerindən qopan istənilən kərpic bütövlükdə piramidanın özünün dağılmasına gətirib çıxarır. Bu mənada beynəlxalq hüquq, ədalət, vicdana söykənməyən və qlobal miqyasda təcavüzkar niyyətlərin daşıyıcısı olan sistemlərin çöküşü labüd idi. ABŞ-nin Soros hakimiyyətinin marionet Kanadanın mövqeyi aydın olmayan baş nazirinin, habelə Makron hakimiyyətinin fiaskosu bu mənada bəynəlxalq hüququn təntənəsi hesab edilməli, cari istiqamətdə daim səmimi mövqe ortaya qoyan və real nəticələr yaradan Azərbaycan kimi dövlətlərin isə qələbəsi sayılmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti