Bakı. Trend:
Radioelektron mübarizə sistemi Qroznıda Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin naviqasiya sistemini bloklayıb.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc etdiyi aviaqəzanın təhqiqatına dair ilkin hesabatda deyilir.
Hesabat məlumatları göstərir ki, ekipaj Qroznıda dispetçerə naviqasiyada nasazlıqlar barədə 04:26-da məlumat verib və təyyarə 05:13-də vurulub.
"05:13:31-də CVR-dən alınan qeydlər əsasən, zərbə səsi qeydə alınır və avtopilotun bağlanması siqnalı işə düşür. [...] 05:13:56 CVR-dən alınan qeydlərə görə, təkrar zərbə səsi qeydə alınır", - hesabatda bildirilir.
Xatırladaq ki, AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan Embraer-190 sərnişin təyyarəsi dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olmaqla 67 nəfər olub.
Qəza nəticəsində 39 nəfər həlak olub, 27 nəfər isə yaralanıb və xəstəxanaya çatdırılıb. Hər iki pilot və bir təyyarə bələdçisi həlak olub, daha iki ekipaj üzvü sağ qalıb.