Bakı. Trend:
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov müsahibə verib.
Trend müsahibəni təqdim edir:
- Nahid müəllim, immun sistemi nədir və onu necə gücləndirmək olar?
- İmmun sistemi bioloji orqanizmlərin yad maddələrə və ya
canlılara qarşı müdafiə sistemidir. Özünü və yad strukturları
fərqləndirir, bununla da fərdi bütövlüyün qorunmasına xidmət edir.
Biz bunu görə bilməsək də, immun sistemi sağlamlığımızın
qorunmasında mərkəzi rol oynayır. Hər gün orqanizmimizi arzuolunmaz
müdaxilələrdən qorumaq üçün çalışır. Virus, bakteriya və digər
infeksiyaların yaratdığı xəstəliklərlə mübarizə aparır.
Bədənimizin özünümüdafiəsini gücləndirməklə biz xəstəliklərə qalib
gələ bilirik. Sağlam qidalanma, kifayət qədər yuxu, təmiz havada
müntəzəm olaraq idman etmək immun sistemini gücləndirir.
Balanslaşdırılmış qidalanma - karbohidratlar, zülallar, sağlam
yağlar da daxil olmaqla immun sisteminin güclənməsində vacib rol
oynayır. Xüsusilə C vitamini və Sink kimi antioksidantlar bədənin
müdafiəsini dəstəkləyə bilər.
Kifayət qədər yuxu immun sistemini qorumaq üçün əvəzolunmaz
vasitədir. Yetkin insanlar üçün sutkada 7-8 saat gecə yuxusu
önəmlidir. Bundan əlavə, sinir sisteminin normal olması və gün
ərzində yetərli qədər maye qəbul etmək immun sistemi üçün faydalı
hesab olunur.
- Doktor, immunitet sisteminin həddindən artıq aktivliyi nə ilə nəticələnə bilər?
- İmmun sisteminin həddindən artıq aktivliyi müxtəlif autoimmun
xəstəliklər və allergik reaksiyalar kimi vəziyyətlərə gətirə bilər.
Bu, orqanizmin öz toxumalarına qarşı həddindən artıq və ya səhv
yönəldilmiş hücumlar etməsinə səbəb olur. Buna misal olaraq, bəzi
xəstəliklərdə (Revmatoid artrit, Lupus, Çölyak xəstəlikləri) immun
sistemi öz hüceyrələrini və toxumalarını yad sayaraq, onlara hücüm
edir. Bu mənzərə allergik xəstəliklərdə də olur. İmmun sisteminin
normalda zərərsiz olan maddələrə (toz, qida maddələri və dərmanlar)
qarşı həddindən artıq reaksiyası nəticəsində astma və digər
allergik xəstəliklər baş verə bilər.
İmmun sisteminin davamlı aktiv olması xroniki iltihab
vəziyyətlərinə yol açır. Bu da müxtəlif orqanlar və toxumalara
zərər verə bilər. İmmun sistemin normada olması və düzgün işləməsi
çox vacibdir. Həddindən artıq aktivlik və anormal reaksiya
vəziyyətində müalicə və düzgün nəzarət olunmalıdır.
- Autoimmun xəstəliklər nədir?
- Autoimmun xəstəliklər bədənin immun sisteminin öz
hüceyrələrinə və toxumalarına qarşı səhvən hücum etməsi nəticəsində
yaranan xəstəliklərdir. Normalda immun sistemi orqanizmi yad
maddələrə qarşı müdafiə edir. Ancaq autoimmun immun sistemi bu yad
hüceyrələr əvəzinə, bədənin öz sağlam hüceyrələrini yad sayaraq
onlara qarşı mübarizə aparır.
Autoimmun xəstəliklər həyat boyu davam edən xəstəliklər ola bilər.
Lakin düzgün müalicə ilə xəstələr simptomları idarə edə və həyat
keyfiyyətlərini yaxşılaşdıra bilərlər.
- Peyvəndlər immunitetə necə təsir edir?
- Peyvəndlər immunitetə mühüm təsir göstərir və bədənin yoluxucu
xəstəliklərə qarşı müdafiə gücünü artırır. Peyvəndlər immun
sisteminə sanki “təlim keçir” və ona bir infeksiyaya qarşı necə
reaksiya verəcəyini öyrədir. Bu, orqanizmin həmin infeksiya ilə
yenidən qarşılaşdığında daha sürətli və güclü olmasını təmin
edir.
Peyvəndlər orqanizmin immun yaddaşını yaradır. Peyvəndlər
vasitəsilə infeksiya yaradan mikroorqanizmlərin və ya onların
zəhərli maddələrinin zəifləmiş və ya öldürülmüş versiyalarını alır.
Bu zaman immun sistem bu mikroorqanizmləri öyrənir və onları
tanımağa başlayır. Yaddaş hüceyrələri həmin infeksiya ilə
qarşılaşdığında daha sürətli və təsirli cavab verə bilir.
Peyvəndlər orqanizmin müdafiə mexanizmlərini aktivləşdirir, amma
xəstəlik yaradan tam infeksiya yaratmır. Bu, orqanizmin sağlam bir
təcrübə ilə xəstəliklərə qarşı hazır olmasına imkan verir. Bununla
da, kollektiv immunitet yaranır və cəmiyyətin böyük bir hissəsində
xəstəliklərin yayılma ehtimalının azalmasına gətirib çıxarır.
Beləliklə, epidemiyaların qarşısı alınır.
- Sağlam qidalanma immun sisteminə necə təsir edir?
- Sağlam qidalanma immun sisteminə böyük təsir göstərir. Çünki orqanizmin düzgün işləməsi üçün lazım olan bütün qida maddələrini təmin edir. Sağlam qidalanma vitaminlər, minerallarla zəngin olmalıdır, şəkər və yüksək qlikemik indeksi olan qidalardan az istifadə olunmalıdır. İşlənmiş qidalar da (konservlər və trans yağlar) immun sisteminin düzgün işlənməsini pozan amillərdəndir. Meyvə, tərəvəz və dənli bitkilər bağırsaq funksiyasını yaxşılaşdırdığı üçün immun sisteminin formalaşmasında mühüm rol oynayır.
- İmmun sisteminin fəaliyyətinə genetik faktorlar nə dərəcədə təsir edir?
- İmmun sisteminin gücü müəyyən dərəcədə genetik faktorlardan asılıdır. Genetik meyl və irsi faktorlar immun sisteminin necə işləyəcəyini, onun infeksiyalara necə cavab verəcəyini və müxtəlif xəstəliklərə qarşı nə qədər həssas olacağına təsir edə bilər. Lakin genetik faktorlar immun sisteminin gücünün müəyyən aspektlərinə təsir edir. Həyat tərzi, qidalanma, ətraf mühit və digər faktorlar da bu sistemə əhəmiyyətli dərəcədə təsir edə bilər.
- Fiziki aktivlik immuniteti gücləndirə bilərmi?
- Fiziki aktivlik immuniteti gücləndirir və onun düzgün
işləməsini dəstəkləyir. Belə ki, fiziki məşqlər immun sisteminin
fəaliyyətini yaxşılaşdırmaq və vücudun infeksiyalara qarşı müdafiə
mexanizmini gücləndirmək üçün bir sıra müsbət təsirlər göstərir.
Bundan əlavə, mütəmadi məşqlər xroniki iltihab səviyyələrini
azaldır və qan dövranını yaxşılaşdırır. Nəticədə, immun hüceyrələri
vücudun müxtəlif bölgələrində daha sürətli şəkildə fəaliyyət
göstərir və infeksiyalara cavab verir, getdikcə bədənin stresə
qarşı dözümlülüyünü artırır.
Bununla belə, həddindən artıq intensiv fəaliyyət immun cavabları
zəiflədə bilər. Orta səviyyədə və nizamlı fiziki aktivlik immun
sağlamlığını dəstəkləyir və ümumi sağlamlığa xidmət edir.
