...

Ağır xəstəliklərdən əziyyət çəkən məhkumların cəzadan azad edilməsi halları azalıb

Cəmiyyət Materials 3 Mart 2025 10:32 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ağır xəstəliklərdən əziyyət çəkən məhkumların cəza çəkməkdən azad edilmələri barədə müraciətlərinə müvafiq komissiyada baxılması, tibbi rəyin verilməsi, habelə məhkəmələrə təqdimatın göndərilməsi ilə bağlı problemlər hələ də qalmaqdadır.

Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, Penitensiar müəssisələrdə 2022-ci ildə 151, 2023-cü ildə isə 169 məhbusun vəfat etdiyi müəyyən edilib. Penitensiar müəssisələrdə saxlanılan həmin şəxslər arasında xəstəliklər səbəbi ilə 2022-ci ildə 146 ölüm halı, 2023-cü ildə isə 163 ölüm halı baş verib ki, bu da müvafiq illər üzrə ümumi ölüm hallarının 96-97%-ini təşkil edib.

“Buna baxmayaraq, ağır xəstəliyə düçar olmuş məhkumların cəza çəkməkdən azad edilməsi məqsədilə tibbi şəhadətləndirilməsi ilə bağlı Tibb Baş İdarəsinin Xüsusi Həkim Ekspert Komissiyasında 2022-ci il ərzində cəmi 24 məhkumun, 2023-cü il ərzində isə 23 məhkumun məsələsi müzakirə olunub və 2022-ci il ərzində cəmi 2, 2023-cü il ərzində isə 5 məhkuma “Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin Siyahısı”nda göstərilən xəstəliklərə uyğunluq barədə rəy verildiyi müəyyən edilib. Statistikaya əsasən, həmin rəylər üzrə verilmiş təqdimatlar əsasında 2022-ci il ərzində 2, 2023-cü il ərzində isə 4 məhkum məhkəmə qərarı ilə cəza çəkməkdən azad olunub.

İki il ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən məhkəmələrə cəmi 7 təqdimat verilib ki, onlardan da 6-sı məhkəmələr tərəfindən təmin olunub.

Penitensiar müəssisələrdə cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş məhkumların cəzadan azad olunmalarına dair müraciət etmələri ilə bağlı mümkün məhdudiyyətlərin aradan qaldırılması və onların bu hüququnun effektiv həyata keçilməsi üçün zəruri tədbirlərin görülməsi, habelə cəzanı icra edən müəssisə və ya orqan tərəfindən məhkəmələrə müvafiq təqdimatların göndərilməsində olan problemlərin həlli zəruridir”, - məruzədə qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti