Bakı. Trend:
Bu ilin martın 1-dən Azərbaycanda Ramazan ayı başlayıb. Oruc tutmaq insan orqanizminin sağlamlığı üçün çox önəmlidir. Lakin səhhətində problemi və xroniki xəstəliyi olanlar üçün oruc tutmaq vacib buyrulmur. Belə üçün də oruc tutmaqla bağlı müəyyən təlimatlar var.
Bəs, kimlər oruc tuta bilməz?
Mövzu ilə bağlı Trend-ə danışan Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) əməkdaşı, ilahiyyatçı-alim Samid Quliyev bildirib ki, 6 qrup insan oruc tuta bilməz.
“Aşağıdakı insanların üzərindən Ramazan ayının orucu götürülmüşdür:
1. Yaşın çox olma səbəbindən taqətsiz qocalar;
2. Müəyyən xəstəlikləri (mədə yarası və mədə xorası, şəkərli diabet və s.) olan adamlar;
3. Hamiləliyinin son aylarında olan qadınlar;
4. Süd verən qadınlar;
5. Mensturasiya və ya nifas dövründə olan qadınlar;
6. Səfərdə olan şəxslər; ”.
İlahiyyatçı qeyd edib ki, qadınlarda baş verən hallar bitdikdən sonra, səfərdə olanlar isə vətənlərinə qayıtdıqdan sonra Ramazan orucunu qəza edirlər.
Hansı xəstəlikləri olan insanlar oruc tutmamalıdır?
Bu barədə qastroenteroloq Türkan Alyarova Trend-ə bildirib ki, bir sıra mədə-bağırsaq problemlərindən əziyyət çəkən insanlar vardır ki, onlar üçün oruc tutmaq müəyyən qədər problemlər yarada bilər:
“Eyni zamanda oruc tutmaq onların var olan şikayətlərini artıra bilər. Ona görə də əgər, mədə-bağırsaq probleminiz varsa, oruc tutmadan əvvəl mütləq şəkildə bir qastroenteroloqla məsləhətləşmək lazımdır. Bəzi problemlər sadalayacam ki, bu xəstəliklərdən əziyyət çəkən insanların oruc tutmadan öncə mütləq həkimlə məsləhətləşmələri vacibdir. Birinci növbədə mədə yarası, kəskin qastriti olan insanlar şikayətlərini oruc tutaraq artıra bilərlər. Çünki, orucluq dönəmində biz uzun müddət ac qaldığımız üçün mədə turşuluğu artır, bu da yaranın pisləşməsinə və sağalmasının gecikməsinə gətirib çıxarır. Kəskin mərhələdə qastriti olan insanlarda turşuluq artdığına görə, həm mədə yanması, həm də ağrı şikayətləri arta bilər”.
Həkim qeyd edib ki, ikinci yerdə reflüks dayanır:
“Reflüks xəstəliyi mədə möhtəviyyatının qida borusuna geri qayıtması xəstəliyidir. Hansı ki, xəstələr döş qəfəsi arxasında ağrı, yanma, göynəmə şikayətlərindən, gəyirmədən əziyyət çəkirlər.
Oruc tutan zaman mədədə turşuluq artdığına görə, reflüks xəstələri də oruc tutanda mədədəki var olan artmış turşuluğun qida borusuna qayıtması nəticəsində reflüks şikayətləri arta bilir. Eləcə də sahurda ağır yemək yeyildiyi təqdirdə bu da reflüks şikayətlərini artıra bilir. Xüsusilə buna şirniyyat, un məmulatları aitdir. Bunlar ağır qidalar olduğuna görə, yeyilib, sonra gedib yatılması reflüks şikayətini artıracaq. Daha sonra isə deyə bilərəm qıcıqlanmış bağırsaq sindromunu. Son dönəmlərdə çox aktual olan bir problemdir. Buna əsəbi bağırsaq sindromu və ya mədə- bağırsaq nevrozu da deyirik. Stress, düzənsiz qidalanma, uzun müddət ac qalmaq qıcıqlanmış bağırsaq sindromunun şikayətlərini artıra bilər. Əgər xəstədə qəbizlik və ya ishal varsa, daha da pisləşə bilər”.
“İltahabi bağırsaq xəstəliyi olan kron xəstəliyindən əziyyət çəkən insanlarda kəskinləşmə mərhələlərində oruc tutmaq həmin şəxslərin vəziyyətlərini pisləşdirə və ağırlaşdıra bilər. Mütləq bu insanlar həkim məsləhəti olmadan oruc tutmamalıdırlar. Mədə və ya həzim sistemi əməliyyatı keçirmiş insanlar da oruc tuta bilməz. Onlarda bağırsaq hərəkətliliyinin yavaşlaması sağalmanı və reabilitasiyanı ləngidir. Əgər xəstəmiz şiddətli qəbizlikdən və ya şiddətli ishaldan əziyyət çəkirsə, bunlar da mütləq nəzarətdə qalmalıdır. Çünki oruc əsnasında ac qalırıq və yetərli miqdarda su qəbul etmirik. Bu qəbizlik şikayətini kəskin artıra bilər. Eləcə də davamlı ishaldan əziyyət çəkən insanlarda bədən yüksək miqdarda maye itirdiyinə görə, və lazımi qədər su qəbul edilmədiyinə görə, ishal şikayətləri də olduqca artar. Sadaladığım xəstəliklərdən əziyyət çəkirsinizsə və oruc tutmaq niyətindəsinizsə, mütləq bir qastroenteroloqa müraciət edin, onun tövsiyyələri əsasında davranın”,- deyə həkim əlavə edib.