Bakı. Trend
TƏBİB ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamilə və zahı qadınların yerində müşahidəsini aparmaq, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, o cümlədən icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə kənd yerlərində tibbi müayinə tədbirlərini davam etdirir.
Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, Neftçala Rayon Mərkəzi Xəstəxanasının tibb personalının iştirakı ilə Aşağı Qaramanlı kəndinin, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Pirli kəndinin, Yevlax Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim heyətinin iştirakı ilə Duzdağ kəndinin, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim heyətinin iştirakı ilə Yuxarı Tala kəndinin, Göyçay Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Məlikkənd kəndinin, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibb personalının iştirakı ilə isə Hacıqəhrəmanlı qəsəbəsinin sakinlərinin tibbi müayinəsi həyata keçirilib.
"Rayon mərkəzi xəstəxanalarının müxtəlif ixtisaslı həkimləri (terapevt, pediatr, ginekoloq, laboratoriya, dəri-zöhrəvi, şüa-diaqnostika həkimi və s.) tərəfindən icbari tibbi sığorta çərçivəsində 280-a yaxın kənd sakininə (uşaqlar və böyüklər olmaqla) 650-dək tibbi xidmət göstərilib.
Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyac yarandığı təqdirdə sakinlərin aidiyyəti üzrə tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.
Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizin səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib",- deyə məlumatda qeyd edilib.