Bakı. Trend:
Hazırda ölkənin ali və orta ixtisas təhsili müəssisələrində dünyanın 105 ölkəsindən 11 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, Heydər Əliyev adına Beynəlxalq təhsil qrantı proqramına 2024/2025-ci tədris ili üzrə 47 ölkədən yüzlərlə namizəd müraciət edib, 35 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.
“Seçilmiş namizədlərin əksəriyyəti Bakı Dövlət, Tibb, Dövlət Neft və Sənaye və Bakı Mühəndislik universitetləri olmaqla, 10 ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb.
Əcnəbilərin Azərbaycanda təhsil alma imkanlarının genişləndirilməsi istiqamətində portal.edu.az sistemi vasitəsilə mərkəzləşmiş e-müraciət xidməti istifadəyə verilib, xidmətin rəqəmsallaşdırılması bu prosesin əlçatanlığını artırıb, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ali və orta ixtisas təhsil müəssisələrinə müraciətində artım müşahidə edilib. Belə ki, 2022/2023-cü tədris ilində 5,3 min, 2023/2024-cü və 2024/2025-ci tədris ilində isə 6,7 min müraciət qeydə alınıb.
Hazırda ölkənin ali və orta ixtisas təhsili müəssisələrində dünyanın 105 ölkəsindən 11 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır ki, bu da əvvəlki tədris ilinə nisbətdə 10% çoxdur. Tələbələr əsasən Türkiyə, Pakistan, İran, Gürcüstan, Rusiya, Hindistan, Nigeriya, Çin, Qazaxıstan və digər ölkələri təmsil edirlər”,- deyə məlumatda bildirilib.
Əlavə olaraq 2018-2023-cü illər ərzində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr təhsil almaq hüququ qazanmışlar. Həmin təhsil qrantı proqramları çərçivəsində 50-yə yaxın ölkədən 70-ə yaxın tələbə təhsillərini yerli ali təhsil müəssisələrində davam etdiriblər.