Bakı.Trend:
2025-ci ilin oktyabr ayında Azərbaycanda III Milli Şəhərsalma Forumu keçiriləcək.
Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Sülh naminə bərpa: münaqişədən sonrakı inkişaf və regional sabitlik” mövzusunda panel müzakirəsi zamanı deyib.
“Bu il, oktyabr ayında, biz regional aspektlərə xüsusi diqqət yetirməklə III Milli Şəhərsalma Forumunu keçirəcəyik. Forum çərçivəsində uzunmüddətli inkişaf və dayanıqlılığa yönəlmiş potensial əməkdaşlıq istiqamətləri müzakirə olunacaq.
Ötən il COP29-un uğurla təşkil edilməsi Azərbaycanın sülh və sabitliyə əsaslanan qlobal prinsiplərə sadiqliyini bir daha təsdiqlədi. 2026-cı ilin may ayında isə Bakı 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək.
Bu tədbir çərçivəsində siyasətçilər, ekspertlər və maraqlı dairələr təkcə təşkilatın qarşısında duran çağırışları və həll yollarını müzakirə etməyəcək, həm də tərəfdaşlıq, əməkdaşlıq və birgə fəaliyyətə ilhamlanaraq daha parlaq gələcək naminə bir araya gələcəklər”, – deyə o bildirib.
Quliyev qeyd edib ki, sülh naminə bərpa təkcə lokal və ya milli çağırış deyil, eyni zamanda regional təsirləri olan bir prsesdir.
“Post-münaqişə bərpa prosesi əməkdaşlıq və sabitlik üçün körpülər qurmağa, çağırışları dövlət sərhədlərini aşan yeni imkanlara çevirməyə unikal bir fürsət yaradır. Qonşu ölkələr və beynəlxalq tərəfdaşlarla birlikdə çalışmaqla biz, bərpa səylərimizin təkcə milli inkişafa deyil, həm də regional sülh və sabitliyin möhkəmlənməsinə töhfə verməsini təmin edə bilərik”,-deyə o vurğulayıb.