...

Qərbi Azərbaycanda etnik təmizləmə, azərbaycanlıların oradan qovulması barədə elmi simpoziumlar vasitəsilə dünyanı məlumatlandırmalıyıq - Fariz İsmayılzadə

Cəmiyyət Materials 17 Mart 2025 17:30 (UTC +04:00)
Qərbi Azərbaycanda etnik təmizləmə, azərbaycanlıların oradan qovulması barədə elmi simpoziumlar vasitəsilə dünyanı məlumatlandırmalıyıq - Fariz İsmayılzadə

Bakı. Trend:

ADA Universitetinin rektoru Hafiz Paşayevin təşəbbüsü ilə cümhuriyyət dövründə çap olunan Azərbaycan qəzetini ərəb qrafikasından latın qrafikasına çeviririk.

Trend xəbər verir ki, bunu ADA Universitetinin prorektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə "Qərbi Azərbaycan mövzusu 100 ildə" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsində məqsəd odur ki, gənc aspirantlar, tədqiqatçılar tariximizi yaxşı bilsinlər, faydalı mənbələrə sahib olsunlar.

“Biz 80 il bu qəzetləri oxuya bilməmişik. Bu, 20 cildlik elmi işdir. Bu materialların içərisində Qərbi Azərbaycanla bağlı çoxlu məqalə var. Biz bu məqalələri oxuyanda görürük ki, bizim tariximiz nə qədər təkrarlanır. 1987-1988-ci ildə olan proseslər cümhuriyyət dövründəki proseslərə çox oxşardır. Biz bu paralelləri görməmişik, bilməmişik, tariximizi yaxşı öyrənməmişik deyə son dövrlərdə Ermənistanın siyasətinə qarşı hazırlıqsız olmuşuq.

Mən istərdim ki, bizim gənclərimiz Azərbaycan qəzetini oxusunlar, gənc aspirantlar, tədqiqatçılar bu məqalələrdən elmi işlər hazırlasınlar, xarici jurnallarda çap olunsun. Təbliğat işlərinin ən yaxşı yolu xarici jurnallarda nəşr olunan elmi məqalələrdir.

Qərbi Azərbaycanda etnik təmizləmə, azərbaycanlıların oradan qovulması, dini, mədəni irsimizə olan təcavüz barədə elmi simpoziumlar vasitəsilə dünyanı məlumatlandırmalıyıq”, - deyə F.İsmayılzadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti