Bakı. Trend:
Körpə uşaqlarda göz zəifliyinin müxtəlif səbəbləri var.
Trend xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da oftalmoloq Nərmin Əbilova açıqlayıb.
Onun sözlərinə görə, anadangəlmə səbəblərə anadangəlmə katarakta, anadangəlmə qlaukoma, vaxtından əvvəl doğulmuşların retinopatiyası, mikroftalm və s. aiddir:
“Bu xəstəliklər körpələrdə ciddi görmə zəifliklərinə səbəb olur. Körpələrdə rast gəlinən digər görmə zəifliklərinə miopiya, hipermetropiya, astiqmatizm aiddir. Miopiya (yaxındangörmə) gözün oxunun uzun olması və ya korneanın güclü işıq sındırması ilə əlaqədardır. Miopiya erkən yaşlarda hətta körpə 6 aylıq olandan müayinə olunub, korreksiya edilə bilər. Hipermetropiya gözün ön arxa oxunun qısa olması və ya buynuz qişanın zəif işıq sındırması ilə əlaqədardır”.
Oftalmoloq qeyd edib ki, uşaqlarda çəpgözlük və ambliopiya olarsa, hipermetropiya erkən korreksiya olunmalıdır:
“Astiqmatizm buynuz qişanın sferikliyinin pozulması nəticəsində yaranan patologiyadır. Erkən müalicə ambliopiyanın qarşısını alır. Körpə uşaqlarda ən çox rast gələn göz problemlərindən biri də çəpgözlükdür. 6 ayından sonra uşaqda çəplik müşahidə olunarsa, ixtisaslı həkim tərəfindən müayinə olunmalıdır”.