Bakı. Trend:
Azərbaycana qarşı qarayaxma kampaniyaları yerli mediada operativ formada ifşa olunur.
Trend xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov qurumun təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində çıxışı zamanı deyib.
“Son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkil edilməsinin nəticəsidir ki, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunur, cəmiyyətdə neqativ xəbər axınına qarşı dayanıqlı təbii müqavimət – informasiya immuniteti gücləndirilir”, - o bildirib.
Ə.İsmayılov bildirib ki, medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetləri sırasında olmuşdur.
“Bunun bariz nümunəsi kimi Prezident cənab İlham Əliyevin 2021-ci ilin yanvarın 12-də “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin başlanmasını göstərmək olar. Medianın İnkişafı Agentliyinin yaradılması da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsi olmuşdur.
Prezident İlham Əliyev bu ilin yanvarında ölkəmizin televiziya kanallarına müsahibəsində Vətən müharibəsində möhtəşəm qələbəmizin hər bir vətəndaşımızın həyatında dərin iz buraxdığını bildirmiş, qalib ölkənin nümayəndəsi olmağın özlüyündə məsuliyyətli və şərəfli hiss doğurduğunu xüsusi vurğulamışdır. Dövlət başçımızın qeyd etdiyi məsuliyyət və qürur hissi Azərbaycan mediasının gündəlik işində özünü əks etdirən başlıca peşəkarlıq meyarına, həyat amalına çevrilmişdir.
Vətən müharibəsində ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmaq üçün informasiya cəbhəsinin əsgəri kimi çalışan jurnalistlərimiz hazırda böyük şərəf hissi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda aparılan geniş miqyaslı quruculuq işləri, Böyük Qayıdış prosesi barədə materiallar hazırlayır, eyni zamanda, informasiya mühitimizə kənar müdaxilələrə vaxtında və layiqli cavab verərək dezinformasiya axınının zərərli təsirlərinin azaldılmasında maarifçilik fəaliyyətini davam etdirir”, - o bildirib.