...

ADA Universitetinin 13-cü Karyera Sərgisi rekord sayda iştirakla baş tutub (FOTO)

Cəmiyyət Materials 2 May 2025 11:47 (UTC +04:00)
ADA Universitetinin 13-cü Karyera Sərgisi rekord sayda iştirakla baş tutub (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

ADA Universitetin 13-cü Karyera Sərgisi uğurla başa çatıb. ADA Universiteti Fondu və ABB-nin tərəfdaşlığı ilə baş tutan tədbirə ölkənin müxtəlif sahələrini təmsil edən çoxsaylı şirkət və qurumlar qatılıblar.

Trend xəbər verir ki, builki sərgi əvvəlki illərlə müqayisədə həm miqyas, həm də iştirak baxımından fərqlənib.

Belə ki, Sərgidə 152 şirkət və 350-dən çox insan resursları üzrə nümayəndə iştirak edib. Bankçılıq, texnologiya, energetika, turizm, hüquq və digər sahələri əhatə edən qurumların nümayəndələri, iştirakçılara iş və təcrübə imkanları barədə məlumat veriblər, onlarla birbaşa təmaslar qurublar və yerindəcə ilkin müsahibələr keçiriblər.

ADA Universitetinin Prorektorları Günay Ziyadova və Elkin Nurməmmədov, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev və ABB bankının İnsan Resursları Departamentinin direktoru Məlahət Abdullayeva çıxışlarında bildiriblər ki, Karyera Sərgisi gənclərə əmək bazarında təmsil olunan qurum və şirkətləri daha yaxından tanımaq, özlərinə uyğun iş imkanını asanlıqla tapmaq fürsəti verir.

Qeyd edək ki, “Baker Tilly”, “EY”, “KPMG Azerbaijan”, “PwC Azerbaijan”, "PAŞA Holding", eləcə də "Azərkosmos", SOCAR, Azal, Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi kimi bir çox dövlət və özəl qurumlar təmsil ediliblər.

Eyni gün ADA Universitetində Karyera Hazırlığı Həftəsinin də bağlanış mərasimi keçirilib. Tədbirdə ADA Universitetinin tərəfdaş şirkətləri tərəfindən xüsusi seçim proseslərindən uğurla keçmiş 100-dən artıq tələbənin adı açıqlanıb və onlara yay təcrübəsi imkanları təqdim olunub.

Həmin tələbələr Karyera Hazırlığı Həftəsi ərzində maliyyə, bankçılıq, informasiya və telekommunikasiya, audit, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20 yerli və xarici müəssisənin, şirkət və qurumun yüksəkixtisaslı peşəkarları tərəfindən keçirilən təlim və seminarlarda iştirak ediblər.

Onlar CV yazılışı, müsahibəyə hazırlıq, şəxsi brendin qurulması və şirkət təqdimatları kimi mövzular barədə həm nəzəri, həm də praktiki bacarıqlar qazanıblar.

Universitetin Karyera Xidmətləri şöbəsinin dəstəyilə təşkil edilən Karyera Hazırlığı Həftəsində və onun yekunu olan Karyera Sərgisində ümumilikdə iki mindən çox ADA tələbəsi və məzunu iştirak edərək peşəkar əlaqələrini genişləndirmək, karyera planlarını formalaşdırmaq və əmək bazarının real tələbləri ilə tanış olmaq imkanı əldə ediblər.

Xəbər lenti

Xəbər lenti