...

"Şərurlu İsfəndiyar"ın növbəti məhkəmə prosesi keçirilib

Cəmiyyət Materials 13 May 2025 16:50 (UTC +04:00)
"Şərurlu İsfəndiyar"ın növbəti məhkəmə prosesi keçirilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində İsfəndiyar Axundovun anket məlumatları dəqiqləşdirilib.

Xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun vəkili Asim Abbasov məhkəməyə bir neçə vəsatət verib.

O, ilk vəsatətində İsfəndiyar Axundovun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

“Artıq 6 iclasdır ki, İsfəndiyar Axundov prosesdə iştirak etməyib. Növbəti proseslərdə iştirak edib-etməyəcəyi sual altındadır. Məhkəmənin uzanmasının səbəblərindən biri də budur”.

Məhkəmə vəsatəti təmin etməyib.

Şikayətçi tərəfin müdafiəçisinin növbəti vəsatəti İsfəndiyar Axundov ölkədən çıxışına qadağa qoyulması ilə bağlı olub.

Vəkil bildirib ki, İsfəndiyar Axundov imkanlı şəxsdir və istənilən zaman ölkəni tərk edə bilər və bu da məhkəmə prosesinin süni şəkildə uzadılmasına gətirib çıxara bilər.

Qarşı tərəf bu vəsatətin prosesi uzatmaq üçün verildiyini məhkəməyə bildirib.

İsfəndiyar Axundov vəsatətə münasibətdə müdafiəçiləri ilə razı olduğunu qeyd edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Şikayətçi tərəfin növbəti vəsatəti İsfəndiyar Axundov barəsində müvafiq orqanlara sorğu verilməsi ilə bağlı olub.

Vəkil Asim Abbasov İsfəndiyar Axundovun məhkum olub-olmadığı, barəsində cinayət təqibinin olub-olmaması barəsində müvafiq orqanlara sorğu verilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edərək DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu göndərilməsi barədə qərar qəbul edib.

Məhkəmənin növbəti prosesi mayın 24-də keçiriləcək.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti