Bakı. Trend:
Cinayət işinin başlanmasına qədər aparılmasına icazə verilən iki və daha artıq istintaq və ya digər prosessual hərəkətlər həyata keçirildikdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama 30 gündən artıq olmayan müddətlə məhdudlaşdırılacaq.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Belə ki, zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, habelə bu məcəllədə nəzərdə tutulmuş iki və ya daha artıq istintaq və ya prosessual hərəkətlərin həyata keçirilməsi ilə əlaqədar 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq mümkün olacaq.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.