Bakı. Trend:
ADA Universitetinin İxtisasartırma Proqramı İqtisadiyyat Nazirliyinin rəhbər vəzifəli əməkdaşlarının bilik və bacarıqlarını daha da inkişaf etdirmək məqsədilə Liderlik Proqramına start verib.
Bu barədə Trend-ə ADA Universitetindən məlumat verilib.
Bildirilib ki, İxtisasartırma Proqramının İqtisadiyyat Nazirliyinin Təlim-Tədris Mərkəzi ilə birgə təşkil etdiyi Proqram 16 may tarixindən etibarən öz fəaliyyətinə başlayıb.
Proqramın rəsmi açılış mərasimində ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri və İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva, eləcə də İqtisadiyyat Nazirliyinin Təlim-Tədris Mərkəzinin İdarə Heyətinin sədri Aidə İbrahimova çıxış ediblər.
Aygün Hacıyeva iştirakçıları salamlayaraq Proqramın məqsədləri, tədris planı və gözlənilən nəticələr barədə geniş məlumat verib. O, ADA Universitetinin İxtisasartırma Proqramının dövlət qulluqçularının peşəkar inkişafına verdiyi töhfələrdən bəhs edərək bildirib ki, bu proqram rəhbər heyətin sürətlə dəyişən iş mühiti və yeni trendlərə çevik şəkildə uyğunlaşmasına, qərarvermə və idarəetmə bacarıqlarının artırılmasına xidmət edir.
İqtisadiyyat Nazirliyinin Təlim-Tədris Mərkəzinin İdarə Heyətinin sədri Aidə İbrahimova çıxışında bu təşəbbüsün dövlət idarəçiliyində liderlik potensialının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Qeyd edək ki, Proqram beş moduldan ibarətdir və hər qrup üzrə 30 akademik saat ərzində tədris olunacaq. Təlimlər dövlət, özəl və akademik sektorları, eləcə də beynəlxalq təşkilatları təmsil edən onadək təcrübəli ekspert tərəfindən aparılacaq.
Modullar komanda və dəyişikliklərin idarə olunması, liderlikdə effektiv kommunikasiya, strateji qərarvermə, ictimai çıxış və danışıqların aparılması kimi mövzuları əhatə edir. Proqram çərçivəsində 25 rəhbər dövlət qulluqçusu həm nəzəri biliklərini artıracaq, həm də interaktiv sessiyalar vasitəsilə praktiki bacarıqlarını inkişaf etdirəcək.