Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov Köhnə Xudat kəndində səyyar qəbul keçirib.
Qəbulda yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Səyyar qəbul zamanı Köhnə Xudat İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Köhnə Xudat, Aşağı Ləgər, Seyidlər, Digahoba, İdrisoba və Fərzəlioba sakinlərinin müraciəti dinlənilib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, su təchizatının yaxşılaşdırılması və yeni məktəb binasının tikintisi ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.