Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə bu günədək 80-dən çox həkim və orta tibb işçisi işlə təmin olunub.
Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildiirlib ki, TƏBİB işğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturunun inkişafı və əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, işğaldan azad olunmuş ərazilərdə tibb müəssisələrinin fəaliyyəti bərpa olunur və əhaliyə fasiləsiz səhiyyə xidmətləri göstərilir.
"Hazırda bu ərazilərdə TƏBİB-in tabeliyində ümumilikdə 5
xəstəxana, 7 Ailə Sağlamlıq Mərkəzi (ASM), 2 həkim məntəqəsi, 1
poliklinika fəaliyyət göstərir. Qeyd olunan müəssisələrdə
ümumilikdə 27 həkim və 55 orta tibb işçisi çalışır.
Laçın Rayon Mərkəzi Xəstəxanasında 8 həkim, 9 orta tibb işçisi,
Laçın Ailə Sağlamlıq Mərkəzində isə 5 həkim, 6 orta tibb işçisi
xidmət göstərir. Şuşa Modul Tipli Xəstəxanada 5 həkim və 9 orta
tibb işçisi çalışır. Xankəndi poliklinikasında isə 5 həkim və 12
orta tibb işçisi vətəndaşlara xidmət edir"- deyə məlumatda qeyd
edilib.