...

Qaz təchizatı ilə bağlı yeni qanun qəbul ediləcək

Cəmiyyət Materials 10 İyun 2025 15:00 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Qaz təchizatı haqqında” yeni qanun qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyəcək və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Qaz təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində aşağıdakı əsas anlayışlar müəyyən edilib:

  • balanslaşdırma – qaz təchizatı sisteminin balansını əməliyyat limitləri daxilində saxlamaq məqsədilə, qaz nəqli sistem operatoru tərəfindən qazın nəqli şəbəkəsinə qazı tələbata uyğun həcmlərdə verməklə və ya həmin şəbəkədən izafi qaz həcmlərini götürməklə qaz axınının tənzimlənməsi üzrə görülən tədbirlərin məcmusu;
  • fiziki qoşulma – sifarişçinin qaz qurğularına qazın verilməsi üçün çəkilmiş qaz xəttinin qazpaylayıcı sistem operatorunun təyin etdiyi qoşulma nöqtəsinə birləşdirilməsi;
  • istehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs;
  • iri istehlakçı – tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş və (və ya) illik qaz sərfiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddə və ondan yuxarı olan istehlakçı;
  • ixtisaslaşmış podratçı – işçiləri bu Qanunla müəyyən edilmiş qaydada ixtisas attestatı alan, texniki xidməti həyata keçirən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;
  • qaz – hasil edilən təbii qaz, neft (səmt) qazı, qaz-kondensat yataqlarının qazı;
  • qaz qurğusu – qazın yanacaq və ya xammal kimi istehlakı prosesində istifadə olunan, texniki reqlamentlərin tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qurğu;
  • qaz satıcısı – topdan satıcı və pərakəndə satıcı;
  • qazın satışı – qazın topdan və pərakəndə satışı üzrə fəaliyyət;
  • qaz şəbəkələri – qazın nəqli şəbəkəsi və qazpaylayıcı şəbəkə;
  • qaz təchizatı sisteminə dair qaydalar – qaz təchizatı sektorunda icazə şərtlərini, habelə qaz təchizatı sisteminin planlaşdırılması, inkişafı, tikintisi, quraşdırılması, istismarı, dispetçer idarəetməsi və informasiya texnologiyaları idarəetmə sistemlərinin təşkili, qəzaların qarşısının alınması və aradan qaldırılması, qaz şəbəkələrinə qoşulma və balanslaşdırma ilə bağlı qaz təchizatı subyektləri, həmçinin həmin subyektlərlə istehlakçılar arasındakı qarşılıqlı münasibətlərin texniki aspektlərini tənzimləyən sənəd;
  • qaz təchizatı obyekti – qazın nəqli, paylanması, saxlanması, satışı, istifadəsi, istehlakı, həmçinin idxalı üçün istifadə olunan avadanlıq, boru kəmərləri, qurğular və onlara aid tikililərin məcmusu;
  • qaz təchizatı sektoru – qazın nəqli, paylanması, saxlanması, satışı və idxalı üzrə fəaliyyət növlərinin məcmusu;
  • qaz təchizatı sistemi – qaz şəbəkələri, yeraltı qaz anbarları və digər qaz təchizatı obyektlərinin məcmusu;
  • qaz təchizatı subyektləri – bu Qanunla müəyyən olunmuş qaydada qazın nəqli, paylanması, saxlanması, satışı və idxalı fəaliyyətini həyata keçirən hüquqi şəxslər;
  • qazın nəqli – qaz nəqli sistem operatoru tərəfindən qazın nəqli şəbəkəsi vasitəsilə qazın daşınması;
  • qazın nəqli şəbəkəsi – qazın nəqli üçün istifadə olunan və qaz nəqli sistem operatorunun balansında olan boru kəmərləri şəbəkəsi;
  • qaz nəqli sistem operatoru – qazın nəqlini həyata keçirən hüquqi şəxs;
  • qazın paylanması – qazpaylayıcı sistem operatoru tərəfindən qazpaylayıcı şəbəkə vasitəsilə qazın istehlakçılara çatdırılması;
  • qazın saxlanması – qaz nəqli sistem operatorunun öz funksiyalarını yerinə yetirməsi üçün ehtiyat kimi saxlanılan qaz istisna olmaqla, qazın yeraltı qaz anbarlarına vurulması, saxlanması və götürülməsi xidmətlərinin məcmusu;
  • qazın saxlanması sistem operatoru – yeraltı qaz anbarında qazın saxlanmasını həyata keçirən hüquqi şəxs;
  • qazdan istifadə qaydaları – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən və qazın pərakəndə satışı ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyən sənəd;
  • qazpaylayıcı sistem operatoru – istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını həyata keçirən hüquqi şəxs;
  • qazpaylayıcı şəbəkə – qazın paylanması üçün yaradılmış, təşkilati, texnoloji və texniki cəhətdən bir-biri ilə əlaqəli olan təsərrüfat kompleksi (qoşulma nöqtəsində boru kəmərləri və xətləri, təhlükəsizlik və nəzarət-ölçü sistemləri, qaz avadanlığı);
  • qeyri-məişət istehlakçısı – məişət istehlakçıları istisna olmaqla, digər istehlakçılar;
  • qoşulma nöqtəsi – tikinti obyektinin qaz xəttinin qaz şəbəkəsinə fiziki qoşulma yeri;
  • kommersiya uçotu – qazın nəqli, paylanması, saxlanması və satışı müqavilələri üzrə tərəflər arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi və ölçmə nəticələrinin, habelə hesablama yolu ilə əldə edilən qazın həcmi haqqında məlumatların toplanması, saxlanması, emalı və ötürülməsi prosesi;
  • kommersiya uçotu qaydaları – qaz təchizatı subyektlərinin və istehlakçıların kommersiya uçotunun təşkili və təmin edilməsi ilə bağlı hüquqlarını və vəzifələrini müəyyən edən sənəd;
  • məişət qaz qurğusu – qaz sərfiyyatı saatda 10 kubmetrədək olan, məişət ehtiyacları üçün istifadə olunan qaz qurğusu;
  • məişət istehlakçısı – yaşayış evlərində və mənzillərdə, o cümlədən Mənzil Məcəlləsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində məişət ehtiyacları üçün qazdan istifadə edən fiziki şəxs;
  • müayinə – istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin (bundan sonra – qaz qurğularının və qaz xətlərinin), tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə həyata keçirilən fəaliyyət;
  • mövcud qazpaylayıcı şəbəkə – ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə təzyiqi 0,3 Mpa-dək olan, həmçinin tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin sərhədindən (girişindən) qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək düz xətt üzrə 100 metr təşkil edən məsafədə yerləşən şəbəkə;
  • pərakəndə satıcı – istehlakçılara qazın pərakəndə satışını həyata keçirən hüquqi şəxs;
  • sabit tarif – qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi;
  • sənaye qaz qurğusu – qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan və ya qeyri-məişət ehtiyacları üçün istifadə olunan qaz qurğusu;
  • sistem operatoru – qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru və qazın saxlanması sistem operatoru;
  • texniki şərtlər – tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd;
  • texniki xidmət – istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə həyata keçirilən təmir və digər əlaqədar xidmət işləri;
  • texnoloji qoşulma – qazpaylayıcı sistem operatoru ilə bağlanılmış qoşulma müqaviləsinə və verilmiş texniki şərtlərə uyğun olaraq, tikinti obyektindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək qaz xətlərinin tikintisinə (çəkilməsinə) və ya əlavə qaz həcmi alınmasına dair layihənin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən xidmət;
  • topdan satıcı – qazın topdansatışı və idxalı fəaliyyətlərini həyata keçirən hüquqi şəxs;
  • tənzimləyici – qazın nəqli, paylanması, saxlanması, satışı və istehlakı sahələrində dövlət tənzimlənməsini və nəzarətini həyata keçirən və statusu qanunla müəyyən edilən qurum;
  • tüstü bacası – yanma məhsullarının (tüstü qazlarının) qaz qurğularından sorularaq atmosferə atılmasını təmin edən boru.

Bu Qanunda istifadə olunan digər anlayışlar normativ hüquqi akrlarla müəyyən edilmiş mənaları ifadə edəcək.

Qaz təchizatı haqqında qanunvericilik Konstitusiyadan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu qanundan və qaz təchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktlardan ibarət olacaq.

Ələt azad iqtisadi zonasında qaz təchizatı sektorunda münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Qanunun tələblərinə uyğun olaraq tənzimlənəcək.

Bu Qanun qaz təchizatı subyektlərinə, istehlakçılara, dövlət orqanlarına (qurumlarına), o cümlədən tənzimləyiciyə şamil olunacaq.

Qaz yataqlarının kəşfi və işlənməsi, qazın hasilatı, istehsalı, emalı, ixracı, nəqlə hazırlanması və neft-qazçıxarma müəssisələri tərəfindən onun toplanılıb təchizat məntəqəsinə qədər çatdırılması, mayeləşdirilməsi, maye qazın satışı və istehlakı, habelə mühərriklərdə yanacaq şəklində işlədilən sıxılmış qazın istifadəsi, qazın dəmir yolu, avtomobil yolları, hava və su nəqliyyatı vasitəsilə daşınması və qaz qurğularının sertifikatlaşdırılması ilə əlaqədar münasibətlər digər qanunlarıla tənzimlənəcək.

Bu qanun ayrı-ayrı qanunlarla təsdiq edilmiş hasilatın pay bölgüsü haqqında sazişlərə və qazın ixrac boru kəmərləri vasitəsilə nəql edilməsinə dair sazişlərə və həmin sazişlər çərçivəsində bağlanılmış və qanunlarla təsdiq edilmiş digər sazişlər üzrə münasibətlərə yalnız həmin sazişlərdə nəzərdə tutulan və həmin sazişlərə zidd olmayan hallarda şamil olunacaq.

Bu qanunun tələblərini pozan şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.

Bu qanuna uyğun olaraq qazın nəqli, paylanması, saxlanması, topdan satışı və idxalı, habelə pərakəndə satışı üzrə fəaliyyətlər 2027-ci il yanvarın 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

2027-ci il yanvarın 1-dən qazın nəqli, paylanması, saxlanması, topdan satışı və idxalı, habelə pərakəndə satışı üzrə fəaliyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan ayrı-ayrı hüquqi şəxslər tərəfindən həyata keçiriləcək.

Bəzi istisnalar nəzərə alınmaqla bu qanun qəbul ediləcəyi təqdirdə, 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Bu qanun qüvvəyə mindiyi gündən “Qaz təchizatı haqqında” 1998-ci il 30 iyun tarixli Qanun ləğv ediləcək.

Bu qanunda nəzərdə tutulan normativ hüquqi aktlar və normativ xarakterli aktlar qüvvəyə minənədək qaz təchizatı sektorunda yaranan münasibətləri tənzimləyən mövcud normativ hüquqi aktlar və normativ xarakterli aktlar öz hüquqi qüvvəsini saxlayacaq və həmin aktların tələblərinə riayət olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti