...

Qazın nəqli, satışı və istehlakını tənzimləyən orqanın hüququ statusu müəyyənləşir

Cəmiyyət Materials 10 İyun 2025 15:01 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qazın nəqli, paylanması, saxlanması, satışı və istehlakı sahələrində dövlət tənzimlənməsi və nəzarətini həyata keçirən və statusu qanunla müəyyən edilən qurum tənzimləyici hesab ediləcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Qaz təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.

Qaz təchizatı sektorunda tənzimləyici aşağıdakıları həyata keçirəcək:

  • qaz təchizatı subyektlərinə qazın nəqli, qazın paylanması, sənaye qaz qurğusunun istismarına dair icazələri verir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
  • qaz təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydalarını təsdiq edir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
  • qaz təchizatı sektorunda tənzimlənən qiymətləri (tarifləri) müəyyən edir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
  • qaz təchizatı subyektləri tərəfindən icazə şərtlərinə, habelə həmin subyektlər və istehlakçılar tərəfindən qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət edilməsinə nəzarət edir;
  • qaz təchizatı subyektləri üçün ödənilməsi məcburi olan, tənzimləmə haqqının məbləğini hesablayır və həmin subyektlərə bildirir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
  • qaz təchizatı subyektləri arasında yaranan mübahisələrə və istehlakçıların şikayətlərinə baxır;
  • sistem operatorlarının qaz itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarını təsdiq edir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
  • qazın keyfiyyət göstəricilərinin (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti) qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət edir;
  • qaz təchizatı subyektlərinin və qaz şəbəkələrinin mövsümi hazırlığının təmin edilməsinə nəzarət edir;
  • qaz təchizatı subyektlərinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak edir;
  • qaz təchizatı subyektlərinin təqdim etdikləri iş və xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
  • qaz təchizatı sektorunda fəaliyyətin həyata keçirilməsinə dair təlimatları təsdiq edir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
  • kommersiya uçotu qaydalarını təsdiq edir (2028-ci il iyulun 1-dən qüvvəyə minir).

Tənzimləyici aşağıdakılar daxil olmaqla qaz təchizatı sektorunun monitorinqini həyata keçirəcək (2028-ci il iyulun 1-dən qüvvəyə minir):

  • icazə tələb olunan fəaliyyət növlərinin həyata keçirilməsində şəffaflığın;
  • qaz təchizatı subyektlərinin qaz qurğularının texniki göstəricilərinin;
  • qaz şəbəkələrinə qoşulmanın;
  • qaz təchizatı sektorunda satıcı-istehlakçı münasibətlərinin;
  • qaz qurğularının etibarlı istismarının;

Tənzimləyici tərəfindən qaz təchizatı sektorunu tənzimləyən qanunlar və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət edilməsinin qiymətləndirilməsi məqsədilə sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

Qaz təchizatı sektorunda dövlət nəzarətinin həyata keçirilməsi zamanı qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinin pozulması halları aşkar edildikdə onların aradan qaldırılması ilə bağlı tənzimləyici tərəfindən yazılı göstərişlər veriləcək. Həmin yazılı göstərişlərin icrası qaz təchizatı subyektləri və istehlakçılar üçün məcburi olacaq.

Tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti