Bakı. Trend:
Qazın nəqli qaz nəqli sistem operatoru tərəfindən həyata keçiriləcək. Qaz nəqli sistem operatoru qazın nəqlinə verilmiş icazə əsasında fəaliyyət göstərəcək.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Qaz təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, qaz nəqli sistem operatoru qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz (2027-ci il yanvarın 1-dən qüvvəyə minir).
Qaz nəqli sistem operatorunun vəzifələri aşağıdakılar olacaq:
- qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə yazılı göstərişlərə əməl etmək;
- qazın nəqli şəbəkəsinin istifadəçiləri arasında ayrı-seçkiliyə yol vermədən onlara qazın nəqli xidmətlərini təqdim etmək və onlarla bağlanılmış müqavilələr əsasında qazın nəqlini həyata keçirmək;
- qazın nəqli şəbəkəsinin dispetçer idarəetməsini təmin etmək;
- qazın nəqli şəbəkəsinə texniki xidmət göstərmək, onun təmirini və inkişafını təmin etmək;
- qaz təchizatı sisteminin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək məqsədilə digər sistem operatorları ilə əməkdaşlıq etmək;
- qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
- maliyyə vəziyyəti və maliyyə nəticələri barədə hesabat və məlumatları tənzimləyiciyə təqdim etmək (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
- qazın verilməsinin dayandırılacağı barədə tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;
- tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq, bu barədə, habelə sabit tarif haqqında istehlakçıya bildiriş və qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda qaz satıcısının adından hesab təqdim etmək;
- tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq);
- nəql etdiyi qazın keyfiyyət göstəricilərinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
- qazın nəqli şəbəkəsində baş verən qəzaların aradan qaldırılmasını təmin etmək;
- qazın idxalı üçün infrastruktur yaratmaq.
Qaz nəqli sistem operatorunun hüquqları aşağıdakılar olacaq:
- qazın nəqli şəbəkəsində qaz itkilərinin kompensasiyası, həmçinin balanslaşdırma məqsədilə qaz almaq;
- qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təkliflər vermək;
- istehlakçıların qazın nəqli şəbəkəsinə qoşulmuş tikinti obyektlərinə müəyyən hallarda qazın verilməsini dayandırmaq;
- qaz təchizatı subyektləri ilə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq, qazın nəqli infrastrukturunun imkanlarını və ölkə ərazisində qaza olan tələbatı müəyyən etmək.
Qazın saxlanması qazın saxlanması sistem operatoru tərəfindən həyata keçiriləcək. Qazın saxlanması sistem operatoru qazın saxlanmasına verilmiş icazə əsasında fəaliyyət göstərəcək.
Qanun layihəsinə əsasən, qazın saxlanması sistem operatoru qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz (2027-ci il yanvarın 1-dən qüvvəyə minir).
Qazın saxlanması sistem operatorunun vəzifələri aşağıdakılar olacaq:
- qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu qanunua uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;
- yeraltı qaz anbarlarının işlək vəziyyətdə saxlanmasını və istismarını təmin etmək;
- yeraltı qaz anbarlarının istifadəçiləri arasında ayrı-seçkiliyə yol vermədən onlarla bağlanılmış müqavilələr əsasında qazın saxlanmasını həyata keçirmək;
- qaz təchizatı sisteminin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək məqsədilə digər sistem operatorları ilə əməkdaşlıq etmək;
- qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
- maliyyə vəziyyəti və maliyyə nəticələri barədə hesabat və məlumatları tənzimləyiciyə təqdim etmək (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
- saxladığı qazın keyfiyyət göstəricilərinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək.
Qazın saxlanması sistem operatorunun hüquqları aşağıdakılar olacaq:
- qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təkliflər vermək;
- yeraltı qaz anbarlarında qaz itkilərinin kompensasiyası üçün qaz almaq;
- müəyyən hallarda qazın saxlanması sistemindən qaz alan istehlakçılara qazın verilməsini dayandırmaq.
Qazın paylanması qazpaylayıcı sistem operatoru tərəfindən həyata keçiriləcək. Qazpaylayıcı sistem operatoru qazın paylanmasına verilmiş icazə əsasında fəaliyyət göstərəcək.
Qanun layihəsinə əsasən, qazpaylayıcı sistem operatoru qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz (2027-ci il yanvarın 1-dən qüvvəyə minir).
Qazpaylayıcı sistem operatorunun vəzifələri aşağıdakılar olacaq:
- qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu qanuna uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;
- qaza tələbatın etibarlı şəkildə ödənilməsi üçün qazpaylayıcı şəbəkəyə texniki xidmət göstərmək, onun təmirini, inkişafını və qazpaylayıcı şəbəkənin dispetçer idarəetməsini təmin etmək;
- qazpaylayıcı şəbəkənin istifadəçiləri arasında ayrı-seçkiliyə yol vermədən onlara qazın paylanması xidmətlərini təqdim etmək və onlarla bağlanılmış müqavilələr əsasında qazın nəqlini həyata keçirmək;
- qaz təchizatı sisteminin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək məqsədilə digər sistem operatorları ilə əməkdaşlıq etmək;
- istehlakçıların tikinti obyektlərinin qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilmiş şərtlərə uyğun olaraq, qazpaylayıcı şəbəkəyə qoşulmasını təmin etmək;
- qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
- maliyyə vəziyyəti və maliyyə nəticələri barədə hesabat və məlumatları tənzimləyiciyə təqdim etmək (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
- Müəyyən hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;
- tikinti obyekti qazpaylayıcı şəbəkəyə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq, bu və sabit tarif barədə istehlakçıya bildiriş, habelə qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda qaz satıcısının adından hesab təqdim etmək;
- tikinti obyekti qazpaylayıcı şəbəkəyə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq);
- təchiz etdiyi qazın keyfiyyət göstəricilərinin, təzyiqinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
- qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almaq və nəticələrini aradan qaldırmaq;
- istehlakçıların qaz qurğularına və qaz xətlərinə müayinəni və istehlakçı ilə bağlanılmış müqaviləyə uyğun olaraq texniki xidməti həyata keçirmək;
- qazpaylayıcı şəbəkəyə qoşulan tikinti obyektlərində istismarda olan qaz qurğularının uçotunu aparmaq;
- qazın satıcı və ya istehlakçı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmuş təzyiqdə, həcmdə və ya keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində onlara vurulmuş zərərin əvəzini ödəmək.
Qazpaylayıcı sistem operatorunun hüquqları aşağıdakılar olacaq:
- qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təkliflər vermək;
- istehlakçılara müəyyən hallarda qazın verilməsini dayandırmaq;
- qazpaylayıcı şəbəkədə qaz itkilərinin kompensasiyası üçün qaz almaq;
- istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək.
Qazın topdansatışı topdan satıcı tərəfindən, pərakəndə satışı pərakəndə satıcı tərəfindən həyata keçiriləcək.
Qanun layihəsinə əsasən, qaz satıcıları bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməzlər (2027-ci il yanvarın 1-dən qüvvəyə minir).
İstehlakçılara qazın pərakəndə satışı pərakəndə satıcı ilə istehlakçı arasında bağlanılmış alqı-satqı müqavilələri əsasında həyata keçiriləcək.
Qazın topdansatışı topdan satıcı ilə pərakəndə satıcı və ya iri istehlakçı arasında bağlanılmış alqı-satqı müqavilələri əsasında həyata keçiriləcək.
Topdan satıcının vəzifələri aşağıdakılar olacaq:
- qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və
normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə
yazılı göstərişlərə əməl etmək;
qazın satışı şərtlərini rəsmi internet səhifəsində dərc etmək; - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), tənzimləyiciyə, qaz nəqli sistem operatoruna və (və ya) qazpaylayıcı sistem operatoruna qazdan istifadə qaydaları ilə müəyyən edilən hesabatları və məlumatları təqdim etmək;
- pərakəndə satıcı və ya iri istehlakçı ilə bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qazın tələb olunan həcmdə və ya keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində pərakəndə satıcıya və ya istehlakçıya vurulmuş zərərin əvəzini ödəmək;
- qazın idxalını həyata keçirmək.
Pərakəndə satıcının vəzifələri aşağıdakılardır:
- qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə yazılı göstərişlərə əməl etmək;
- fəaliyyət ərazisini və qazın satışı şərtlərini rəsmi internet saytında dərc etmək;
- istehlakçılara istehlak etdikləri qazın dəyəri və sabit tarif barədə hər ay elektron poçt (olduğu halda) və ya digər kommunikasiya vasitələri ilə yazılı bildiriş təqdim etmək;
- istehlakçılara onların hüquq və vəzifələrini izah etmək;
- qazdan istifadə qaydaları ilə müəyyən edilən hesabatları və məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), tənzimləyiciyə, müqavilə bağladığı qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna təqdim etmək;
- qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş qazın dəyəri və sabit tarif barədə hesab təqdim etmək;
- istehlakçı ilə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq qazın tələb olunan həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində istehlakçıya vurulmuş zərərin əvəzini ödəmək
Topdan satıcının hüquqları aşağıdakılar olacaq:
- sistem operatorları tərəfindən müvafiq xidmətlərin göstərilməsini tələb etmək;
- pərakəndə satıcıya və ya iri istehlakçıya alqı-satqı müqaviləsinə uyğun olaraq satdığı qazın dəyərinin ödənilməsini tələb etmək.
Pərakəndə satıcının hüquqları aşağıdakılar olacaq:
- sistem operatorları tərəfindən müvafiq xidmətlərin göstərilməsini tələb etmək;
- təqdim edilmiş yazılı bildirişə və hesaba əsasən istehlakçıdan istehlak etdiyi qazın dəyərinin və sabit tarifin ödənilməsini tələb etmək;
- istehlakçı tərəfindən istehlak olunan qazın dəyəri və sabit tarif 1 (bir) ay müddətində tam ödənilmədiyi təqdirdə, qazpaylayıcı sistem operatorundan qazın verilməsinin dayandırılmasını tələb etmək.
Qazın pərakəndə satışı qazdan istifadə qaydaları ilə tənzimlənəcək.
İstehlakçılara qazın satışı qaz satıcıları tərəfindən həyata keçiriləcək. İstehlakçılara qazın satışının xüsusiyyətləri qazdan istifadə qaydaları ilə tənzimlənəcək.
Qanun layihəsinə əsasən, istehlakçılar bu qanuna, qaz təchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktlara və normativ xarakterli aktlara uyğun olaraq qazı ölkə ərazisində fəaliyyət göstərən qaz satıcısından almaq hüququna malikdir olacaqlar.
İstehlakçıların vəzifələri aşağıdakılar olacaq:
- qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarına və qaz təchizatı obyektlərinin texniki istismar qaydalarına, həmçinin bu yazılı göstərişlərə əməl etmək;
- qaz qurğularını onların texniki pasportlarında qeyd olunmuş tələblərə uyğun istismar etmək;
- istehlak edilən qazın dəyərini və sabit tarifi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qaz satıcısına ödəmək;
- qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin sayğacın işlək vəziyyətdə olduğunu müəyyən etmək, habelə sayğacın oxunması məqsədilə tikinti obyektlərinin daxilində quraşdırılmış qaz sayğacına baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz daxil olmalarını təmin etmək;
- qazdan istifadə qaydalarına riayət etmək:
- sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərəri ödəmək;
- müayinə aktına əsasən qaz qurğularına və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət göstərilməsi üçün qazpaylayıcı sistem operatoru və ya ixtisaslaşmış podratçı ilə müqavilə bağlamaq;
- qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin qaz qurğularına və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinəni və istehlakçı ilə müvafiq müqavilə bağlandığı hallarda texniki xidməti həyata keçirmək üçün tikinti obyektinə maneəsiz daxil olmalarını təmin etmək.
İstehlakçıların hüquqları aşağıdakılar olacaq:
- obyektlərinin bu Qanuna uyğun olaraq qazın nəqli şəbəkəsinə və ya qazpaylayıcı şəbəkəyə qoşulmasını tələb etmək;
- qaz satıcısı ilə alqı-satqı müqaviləsi bağlamazdan əvvəl müqavilə şərtləri, tariflər (qiymətlər) barədə məlumat əldə etmək;
- qazın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun etibarlı və fasiləsiz olaraq qaz ilə təmin olunmaq;
- qazın alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qazın razılaşdırılmış həcmdə və ya keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində vurulmuş ziyanın qaz satıcısı tərəfindən ödənilməsini tələb etmək;
- qaz satıcısından bu Qanunla müəyyən edilən hallarda bildiriş almaq.
Qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.
Qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar müvafiq qaz şəbəkəsinə qanunsuz qoşulma (qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun razılığı olmadan müvafiq qaz şəbəkəsinə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənəcək.
Tikinti obyektinin qoşulduğu qazın nəqli və ya qazpaylayıcı şəbəkədən asılı olaraq məişət qaz qurğularını istifadə edən məişət istehlakçıları üçün sayğaclar müvafiq olaraq qazın nəqli və ya qazpaylayıcı sistem operatorunun vəsaiti hesabına, digər istehlakçılar üçün isə sayğaclar istehlakçının vəsaiti hesabına müvafiq olaraq qazın nəqli və ya qazpaylayıcı sistem operatoru tərəfindən təchiz ediləcək, quraşdırılacaq və dəyişdiriləcək.
İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna uyğun olaraq həyata keçiriləcək.