Bakı. Trend:
Qaz təchizatı sektorunun inkişafı məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qısamüddətli (5 il müddətinə), orta müddətli (5 ildən 10 ilədək müddətə) və uzunmüddətli (10 ildən yuxarı müddətə) dövlət proqramları qəbul ediləcək.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Qaz təchizatı haqqında" qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, yuxarıda nəzərdə tutulmuş dövlət proqramı layihələrinin "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Qanunda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə sənədi hazırlanacaq və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçiriləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.