Bakı. Trend:
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 10-da G20 Dinlərarası Forumunda iştirak etmək üçün Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərinə yola düşür.
Bu barədə Trend-ə QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, G20 Sammitləri ərəfəsində keçirilən Dinlərarası Forum davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır.
G20 Dinlərarası Forumun Bolonya, Bali, Punada keçirilən tədbirlərinin iştirakçısı olmuş Şeyxülislam Allahşükür Paşazadə Cənubi Afrika Respublikasındadı növbəti tədbirə G20 Dinlərarası Forumun Prezidenti Kol Dürham tərəfindən dəvət olunub.
10-14 avqust tarixlərində baş tutacaq Keyptaun Forumunun mövzusu “İman fəaliyyətdə”dir. Forumun açılış plenar iclasında çıxış edəcək QMİ sədrinin tədbir çərçivəsində müxtəlif mədəni proqramlarda iştirakı, Forum iştirakçıları və rəsmilərlə görüşləri nəzərdə tutulur.
Azərbaycanı G20 Dinlərarası Forumda, həmçinin, Azərbaycan Milli Məclisinin deputatları, habelə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov təmsil edəcəklər.