Bakı. Trend:
“Aqroparkın operatorunun müsabiqə əsasında seçilməsi Qaydası” təsdiq edilib.
Trend-in məlumatına görə, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, bu Qayda aqroparkın operatorunun (bundan sonra - operator) müsabiqə əsasında seçilməsi qaydasını müəyyən edəcək.
Müsabiqənin təşkilinin məqsədi aqroparkın daha səmərəli idarə olunmasını təmin etmək üçün aqroparkın hüdudlarında idarəetməni və təsərrüfat fəaliyyətini həyata keçirəcək, aqroparkın fəaliyyətinə görə cavabdehlik daşıyacaq, idarəetmə sahəsində təcrübəyə malik hüquqi şəxsin seçilməsindən ibarətdir.
Müsabiqənin predmetini müsabiqənin qalibi ilə aqroparkın daha səmərəli idarə olunmasını təmin etmək üçün idarəetmə sazişinin bağlanması təşkil edir.
Müsabiqənin təşkilatçısı qismində dövlət tərəfindən yaradılan aqroparka (Yevlax Pilot Aqropark istisna olmaqla) münasibətdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsi, Yevlax Pilot Aqroparka münasibətdə İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – idarəedici təşkilat), özəl aqroparka münasibətdə isə onun rezidenti (rezidentləri) çıxış edəcək. Müsabiqənin keçirilməsi üçün idarəedici təşkilat və ya rezident (rezidentlər) müsabiqə komissiyasını (bundan sonra - komissiya) təşkil edəcək. Komissiya hər bir müsabiqə üçün ayrıca yaradılacaq və müsabiqənin qalibi ilə idarəetmə sazişi bağlananadək fəaliyyət göstərəcək.
Komissiya üzvlərinin ümumi sayı təkrəqəmli və ən azı 5 nəfərdən ibarət olmalıdır. Komissiyanın sədri və katibi komissiya yaradılarkən dövlət tərəfindən yaradılan aqroparka münasibətdə idarəedici təşkilatın, özəl aqroparka münasibətdə isə onun rezidentinin (rezidentlərinin) nümayəndələrindən təyin olunacaq. Müsabiqənin təşkilatçısı komissiyanın tərkibinə digər qurumların nümayəndələrini və ekspertləri cəlb etmək hüququna malikdir.
Müsabiqənin elan edilməsi ilə başlayan və qalibi ilə təşkilatçı arasında idarəetmə sazişinin imzalanması ilə başa çatan müsabiqə prosesi 90 iş günündən artıq davam etməməlidir.
Məlumat üçün bildirək ki, qərar sentyabrın 26-da qəbul edilib, noyabrın 20-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, noyabrın 21-də qüvvəyə minib.
