Bakı. Trend:
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyi mina qurbanları üçün iqtisadi imkanlar yaradacaq layihəyə başlayır.
Trend xəbər verir ki, bu barədə bu gün “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi Cenevrə şəhərində keçirilən minalar əleyhinə konvensiyanın 22-ci konfransı və və ictimaiyyətə təqdim olunan “Landmine Monitor Report 2025” hesabatına həsr olunmuş mətbuat konfransında Minalar Əleyhinə Azərbaycan Kompaniyaı İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib.
Onun sözlərinə görə, Koreya Respublikası tərəfindən İnsan Təhlükəsizliyinin Artırılması üçün Beynəlxalq İnam Fondunun maliyyə dəstəyi ilə "Mina qurbanları üçün iqtisadi imkanların yaradılması" adlı layihə icra edilməyə başlayıb. Layihənin məqsədi Azərbaycanın minalardan daha çox zərər çəkmiş rayonlarında yaşayan mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasını dəstəkləməkdir. Bu, kiçik biznesin yaradılması mexanizmi ilə maddi vəsait təmin etməyi, eyni zamanda yoxsulluğun azaldılması və sosial bərabərliyin gücləndirilməsini nəzərdə tutur.
"Layihə, xüsusən yoxsulluğun azaldılması, gender bərabərliyi, uşaqların müdafiəsi və sağlamlığı kimi bir neçə əsas sektoru əhatə edir. Ailələrin gəlirinin artması, daha yaxşı səhiyyə, təhsil və qidalanma imkanlarına səbəb olacaq, həmçinin özəl sektorun və kiçik biznesin inkişafını təşviq edəcək. Bu isə icmalarda yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq", - deyə Hafiz Səfixanov əlavə edib.
Layihə Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarında həyata keçiriləcək".
