Bakı. Trend:
Mövcud qanunvericilikdə uşağın dünyaya gəlməsi ilə bağlı atalara 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququ verilirdi. Lakin biz görürük ki, təcrübədə heç bir ata bu hüquqdan istifadə etmir. Çünki ödənişsiz məzuniyyət ailə büdcəsinə əlavə təzyiq yaradır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri xatırladıb ki, təqdim olunan layihədə bu məzuniyyət ödənişli olacaq:
“Qadınlar uşaq dünyaya gətirdikdən sonra bir sıra sosial-psixoloji çətinliklər yaşayır. Bir çox ailələrə digər ailə üzvləri, məsələn ana, qayınana və ya digər qohum kömək edə bilmir. O zaman yeni ana olmuş qadına və körpə uşağa yardım edən, onların qayğısına kişi olur.
Kişinin bir həyat yoldaşı və ata olaraq ailəyə dəstək olması, onların qayğısına qalması çox vacibdir. Və bu kişini hörmətdən salmır, əksinə ona olan etibarı, hörməti daha da artırır. Bizə ailə münaqişələri ilə bağlı, boşanmalarla bağlı müraciətlər olur. Bir çox problemlər həmin dövrə təsadüf edir. Belə bir məzuniyyətin tətbiqi və ataların uşağın qayğısında, təlim-tərbiyəsində iştirakı həm ailə daxili münasibətlərə, həm də uşağın şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir”.
