Bakı. Trend:
Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması qaydalarında dəyişiklik ediləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, kommersiya hüquqi şəxsləri üzrə aşağıdakı məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən birbaşa Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə onlayn rejimdə əldə edilərək qeydiyyata alınacaq:
- nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrlə əlaqədar məlumatlar;
- kapitalındakı nizamnamə payın vərəsəlik qaydasında digər şəxsə keçməsi ilə əlaqədar məlumatlar;
- nizamnamə kapitalındakı payın yüklü edilməsi ilə əlaqədar məlumatlar;
- təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasın qorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə əlaqədar məlumatlar.
Kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları təqvim ili bitdikdən sonra növbəti ayın 31-dək təsis sənədlərində və qeydə alınmış faktlarda dəyişikliyin olub-olmaması barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hesabatı kağız və ya elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidirlər.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
