Bakı. Trend:
Dini icmalar qadınların sosial və mənəvi inkişafında mühüm rol oynaya bilər. Bu rol nədən ibarət ola bilər? İlk növbədə maarifləndirmə işi gücləndirilməlidir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində baş tutan “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzusunda paneldə çıxışı zamanı deyib.
Komitə sədri vurğulayıb ki, qadınların ailədə, cəmiyyətdə və iş həyatında hüquqları (təhsil, əmək, idarəetmə) haqqında məlumat vermək, sosial həyatda aktiv iştiraklarını təşviq etmək lazımdır:
“Ailə dəyərlərinin qorunması, ailədaxili münasibətlərin tənzimlənməsi sahəsində daha çox tədbirlər keçirilməlidir. Nikahın əsasları, ailə daxili münasibətlər, uşaq tərbiyəsi kimi məsələlərdə hüquqi və dini normalar təbliğ olunmalıdır”.
Millət vəkili bildirib ki, qadın və qızların inkişafı sahəsində davamlı işlər aparılmadır:
“Qadın və qızların potensialını üzə çıxarmaq, onların sosial, iqtisadi və mədəni sahələrdə iştirakçılığını artırmaq üçün layihələr həyata keçirilməlidir.
Qadın və qızlara sosial dəstək göstərilməlidir.
Beləliklə, dini icmalar qadınların həm şəxsiyyət kimi formalaşmasında, həm də cəmiyyətin inkişafına öz töhfələrini verməsində katalizator rolunu oynaya bilər. Və burada unutmaq olmaz ki, dini icmalar maarifləndirmə işlərini təkcə qadın və qızlar arasında deyil, eyni zamanda, kişilərin arasında da aparılmalıdır. O zaman nəticə daha effektiv və davamlı olar”.
