Bakı. Trend:
Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması qaydalarında dəyişiklik ediləcək.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.
Dəyişikliklə yuxarıda sözügedən istisnanın aradan qaldırılacaq.
191.5-ci maddədə bildirilib ki, bu Məcəllə ilə müəyyən edilən aksizli mallara tətbiq edilən aksiz dərəcələrinin "Tibbi sığorta haqqında" Qanunla müəyyən edilmiş hissəsi icbari tibbi sığorta fonduna ödənilir.
"Tibbi sığorta haqqında" Qanuna əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat, vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı məbləğində icbari tibbi sığorta haqqı ödənilir.
Dəyişikliklə yuxarıda sözügedən maddənin ləğv ediləcək.
Yəni, mövcud qanunvericiliyə görə, alkoqollu içkilərə və tütün məlumatlarına tətbiq edilən aksiz dərəcələrinin "Tibbi sığorta haqqında" Qanunla müəyyən edilmiş hissəsi icbari tibbi sığorta üzrə sığorta haqları formasında icbari tibbi sığorta fonduna ödənilir.
Aksizli mallar üzrə aksiz dərəcələrinin icbari tibbi sığorta fonduna ödənilən hissələri ləğv ediləcək və dövlət büdcəsinin gəlirlərinə aid ediləcək və uyğunlaşdırma çərçivəsində həmin Qanunda inzibatçılığı müəyyən edən maddələr ləğv ediləcək.
