Bakı. Trend:
Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində yerli əhali arasında sağlam həyat tərzinin təşviqi, həmçinin səyyar tibbi müayinə və maarifləndirmə aksiyalarının keçirilməsi davam etdirilir.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu qəbildən olan növbəti aksiya 16 yanvar tarixində Füzuli rayonunda təşkil olunub. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) mama-ginekoloq, neonatoloq və orta tibb işçilərindən ibarət heyəti tərəfindən qadınlar üçün kompleks tibbi müayinələr aparılıb, eyni zamanda maarifləndirici tədbirlər həyata keçirilib.
“Böyük Qayıdış” Proqramı çərçivəsində keçirilən səyyar tibbi aksiyanın əsas məqsədi əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, ana və uşaq sağlamlığının qorunması, yenidoğulmuşların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, yeniyetmələr arasında reproduktiv sağlamlığın təmin edilməsi, bu istiqamətdə profilaktik tədbirlərin gücləndirilməsi və əhalinin tibbi bilgilərinin artırılmasıdır.
Aksiya çərçivəsində İnstitutun həkimləri tərəfindən tibbi
müayinələrlə yanaşı, yenidoğulmuşlara tibbi baxış keçirilib, analar
və yeniyetmələr üçün fərdi konsultasiyalar təqdim olunub.
Neonatoloqlar tərəfindən yenidoğulmuşların sağlamlıq göstəriciləri
qiymətləndirilib, analar üçün neonatal skrininqin əhəmiyyəti,
yenidoğulmuşlara düzgün qulluq, qidalanma və ilkin baxım
mövzularında maarifləndirici təlimlər təşkil edilib.
Tədbirdə 140-a yaxın yeniyetmə yaş qrupuna aid olan qızlar və
onların valideynləri iştirak ediblər.
Səyyar aksiya zamanı mama-ginekoloqlar tərəfindən yeniyetmə qızlar arasında ginekoloji müayinələr aparılıb, həmçinin fərdi konsultasiyalar verilib. Konsultasiyalar zamanı reproduktiv sağlamlıq, yeniyetməlik dövründə baş verən fizioloji dəyişikliklər, ginekoloji problemlərin erkən profilaktikası və sağlam həyat tərzi mövzularında ətraflı izahatlar təqdim olunub.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş digər ərazilərdə də sağlam həyat tərzinin təşviqi və əhalinin tibbi xidmətlərlə əhatə dairəsinin genişləndirilməsinə xidmət edir.
