...

Elşad Həsənovun 70 illik yubileyi qeyd edildi (FOTO)

Cəmiyyət Materials 11 Fevral 2026 15:58 (UTC +04:00)
Elşad Həsənovun 70 illik yubileyi qeyd edildi (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

“Borçalı Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə Atatürk Mərkəzində politoloq, yazıçı-publisist, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, ictimai-siyasi xadim, polkovnik Elşad Həsənovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə yazıçılar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ramiz Həsənov yubilyarın həyat yolundan söz açıb, təhsili və yaradıcılığından qısaca məlumat verib.

Çıxış edən Vahid Qarayazılı Elşad Həsənovu təbrik edib və onun həyat fəaliyyətindən, uşaqlıq və gənclik illərindən söz açıb. Yubilyarın insani keyfiyyətlərinə diqqət çəkən Vahid Qarayazılı onun müstəqil düşüncəli, mərd, cəsarətli insan olduğunu deyib, həm elitada, həm ictimaiyyət arasında, həm də dostlarının yanında nüfuz sahibi olduğunu qeyd edib.

Muxtar İmanov isə çıxışında Elşad Həsənovun hər şeyi jurnalistika hesabına qazandığına diqqət çəkib:

“Hər şey jurnalistikadan başlayır. Jurnalistikanın ən çətin sahəsi isə məhz ictimai-siyasi jurnalistikadır. Bu sahə birbaşa xalqın milli şüuruna təsir edir. Elşad Həsənov bu çətin işin öhdəsindən uğurla gəlib. Bu gün Azərbaycanda, Azərbaycan ətrafında, Qafqazda baş verən bütün prosesləri təhlil edə bilmək potensialındadır. Bu gün tədbirin Borçalı Cəmiyyəti tərəfindən keçirilməsi olduqca simvolik məna daşıyır. Çünki Elşad Həsənov Borçalı ilə mənəvi bağlı nadir insanlardan biridir”, – o qeyd edib.

Diplomat Həsən Həsənov isə çıxışında Birinci Qarabağ hadisələri zamanı baş verən proseslər fonunda Elşad Həsənovun fəaliyyətindən bəhs edib:

“Həmin vaxt Elşad Qazaxda Dövlət Təhlükəsizlik Orqanlarında çalışırdı. O vaxt ermənilərlə danışıq aparmaq lazım idi. Elşad namizəd oldu. Getdilər. Qayıdanda özü demədi, amma orada olanlar maraqlı bir əhvalat danışdı. Bizim nümayəndə heyəti ermənilərlə danışıq apararkən binaya silahlı ermənilər daxil olub və içəridə hərbçi olduğunu bildiriblər. Deyiblər ki, onu bizə təhvil verməsəniz, hamını əsir götürəcəyik. Hamı özünü itirib, Elşaddan başqa. Onun silahı var idi. Ayağa durub deyib ki, təslim olmayacağam, vuruşaq, mən bu riskə hazıram. Ermənilər müraciət edib, rus əsgərləri gəlib, silahlı erməniləri götürüb aparıblar. Yəni, o, cəsarətli insandır”.

Həsən Həsənov Elşad Həsənovun siyasi politoloq və jurnalist kimi xüsusi bir iz qoyduğunu da qeyd edib.

Professor Nizami Cəfərov da çıxışında Elşad Həsənovun həyat və yaradıcılığından, insani keyfiyyətlərindən söz açıb. Onun jurnalist kimi, mütəxəssis kimi, eyni zamanda el-obaya bağlı insan olaraq ictimaiyyət arasında etibar qazandığını vurğulayıb.

Şair, tərcüməçi, publisist, ictimai xadim, professor, Estoniya prezidentinin şəxsi tərcüməçisi Xəqani Qayıblı da təbrik çıxışında qeyd edib ki, siyasi şərhçi olmaq üçün dilin səlistliyi və cəsarət önəmlidir və yubilyarda bu keyfiyyətlərin hamısı toplanıb.

Tədbirdə ədəbi tənqidçi Əsəd Cahangir, hüquqşünas Aslan İsmayılov, İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçmiş direktoru İftixar Piriyev, Elşad Həsənovun həyat yoldaşı alim Sevil Həsənova, Elşad Həsənovun qardaşı, iş adamı Musa Həsənov və digərləri çıxış edib, Elşad Həsənovun insani keyfiyyətlərindən, yaradıcılıq fəaliyyətindən söz açıb, ona həsr etdikləri şeirləri səsləndirib, yetmiş illik yubileyi münasibətilə təbrik ediblər.

Sonda söz Elşad Həsənova verilib. O, çıxışında tədbir iştirakçılarına təbriklər və iştirak üçün təşəkkür edib:
"Biz fəxr edirik ki, Azərbaycan dünyada qlobal səviyyədə təmsil olunur. Azərbaycan artıq Amerika arenasına çıxır. Bu, bizim gələcək nəsil üçün böyük stimuldur. Bu tədbirin təşkili üçün "Borçalı Cəmiyyəti"nə təşəkkür edirəm".

Tədbirin sonunda Elşad Həsənova “Borçalı Cəmiyyəti” İctimai Birliyinin "El adamı" mükafatı təqdim edilib.

Qeyd edək ki, Elşad Həsənov 12 fevral 1956-cı ildə qədim Qarayazıda, indiki Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində dünyaya göz açıb. Orta təhsilini doğma kəndindəki məktəbdə alıb. 1979-cu ildə Bakı Dövlət Universitetini bitirib. Uzun müddət keçmiş Milli Təhlükəsizlik Nazirliyində məsul və yüksək vəzifələrdə çalışıb. 2011-ci ildə polkovnik rütbəsi alıb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Qarabağ müharibəsi veteranıdır. Bir çox kitabların müəllifi olan Elşad Həsənov hazırda politoloq və təhlükəsizlik eksperti kimi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti