London Türk Radiosunda ənənəvi olaraq efirə çıxan "Salam gətirmişəm" proqramının növbəti buraxılışında Azərbaycan Respublikasının inzibati ərazi quruluşu və şəhərləri barədə dinləyicilərə məlumat verilib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Proqramda Azərbaycanın tarixi, inzibati ərazi bölgüsü ilə bağlı faktlar diqqətə çatdırılıb, habelə Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki, Şuşa, Lənkəran şəhərlərinin tarixindən söhbət açılıb. Ölkəmizin paytaxtı haqqında dinləyicilərə daha geniş məlumat verilib və Bakının Xll - Xlll əsrlərə təsadüf edən intibah dövründən danışılıb.
London-Türk radiosunda həmçinin azərbaycanlıların qədimdən bəri yaşadığı digər ərazilər barədə də faktlar dinləyicilərin diqqətinə çatdırılıb. Bundan başqa Ermənistanın Azərbaycana təcavüzü nəticəsində viran edilmiş qədim şəhərlərimiz, yüz minlərlə soydaşımızın öz doğma yurd-yuvasından didərgin düşməsi ilə bağlı məlumatlar verilib.