...

Azərbaycanda musiqiyə dair yeni dərs vəsaitləri hazırlanıb

Cəmiyyət Materials 14 Mart 2006 14:01 (UTC +04:00)

Azərbaycanın tanınmış musiqişünası və pedaqoqu, H.Əliyev adına Müasir Təhsil Kompleksi nəzdindəki 39 saylı musiqi məktəbinin direktoru Armanusa Tağıyeva-Babayeva musiqi haqqında ilk gündəlik - eksperimental xarakter daşıyan dərs vəsaiti hazırlayıb. Trend in xəbər verdiyi kimi, bu, uşaqlar üçün nəzərdə tutulmuş musiqiyə dair gündəlik məlumat kitabçasıdır və Azərbaycanın musiqi dünyasının bütün rəngarəngliyini əks etdirir.

Azərbaycanın peşəkar musiqi mədəniyyətinin XX əsrin əvvəllərindən bu günədək inkişaf prosesi uşaqların qavraması üçün aydın dildə və müvafiq şəkillərin təsviri ilə verilib.

Kitabçada bu prosesin əsas mərhələləri xarakterizə olunub, Azərbaycanın musiqi mədəniyyətinin görkəmli nümayəndələrinin - Üzeyir Hacıbəyov, M.Maqomayev, Q.Pirimov, C.Qaryağdıoğlu, Ş.Məmmədova, Bülbül, Niyazi, Q.Qarayev, F.Əmirov, Ş.Ələkbərova, Q.Almaszadə, V.Adıgözəlov, A.Məlikov, X.Mirzəzadə, T.Bakıxanov, P.Bülbüloğlu, F.Bədəlbəyli və digər bəstəkarların monoqrafiyaları verilib.

Dərs vəsaitində musiqi nəzəriyyəsi, musiqi janrları və terminologiyası, həmçinin, Azərbaycan muğamının növləri haqqında qısa məlumat öz əksini tapıb.

Bütövlükdə Azərbaycanda uşaqlar üçün musiqi haqqında materialların müəyyən çatışmazlığını nəzərə alsaq, bu dərs vəsaiti mühüm əhəmiyyət kəsb edir və artıq respublikanın aparıcı məktəblərində - H.Əliyev adına müasir təhsil kompleksində və Bülbül adına xüsusi musiqi məktəbində tətbiq olunur.

Hazırda A.Tağıyeva-Babayeva Azərbayan dilində musiqi haqqında birinci qısa ensiklopedik məlumat kitabçasını nəşrə hazırlayır. Bu kitabça peşəkar musiqiçilər, orta və ali musiqi məktəblərinin müəllim və tələbə heyəti, həmçinin, musiqi həvəskarları üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti