...

Musa Quliyev: "Azərbaycanda 2600 adda dərman qeydə alınsa da, apteklərdə 5000 addan çox dərman satılır"

Cəmiyyət Materials 25 Aprel 2006 15:56 (UTC +04:00)

Azərbaycanda 2600 adda dərman qeydə alınsa da, apteklərdə 5000 addan çox dərman satılır. Trend xəbər verir ki, bu barədə Milli Məclisin aprelin 25-də keçirilən növbəti iclasında müzakirəyə çıxarılan "Dərman vasitələri haqqında" qanun layihəsi barədə sosial siyasət məsələləri daimi komissiyasının sədr müavini Musa Quliyev bildirib.

M.Quliyev bildirib ki, sözügedən qanun layihəsinin qəbulu dərman bazarında baş verən qanunsuzluqları aradan qaldıracaq. Millət vəkili qeyd edib ki, bu qanun layihəsi Estoniya, Belorusiyanın mövcud qanunvericilik təcrübəsinə əsaslanaraq hazırlanıb. O vurğulayıb ki, Azərbaycanda ildə 150 miloyn dollar məbləğində dərman satılır.

"Dərman vasitələri haqqında" qanun layihəsi geniş müzakirə obyektinə çevrilib. Millət vəkili Fazil Qəzənfəroğlu bildirib ki, dərmanların 95 faizi Azərbaycana idxal olunur: "Təbii sərvətlərə malik olan Azərbaycanda dərman istehsalı demək olar ki, yoxdur". Millət vəkili onu da bildirib ki, vaksinlərin ölkəyə daxil olmasında vəziyyət də acınacaqlıdır. F.Qəzənfəroğlu "Əczaçılıq fəaliyyəti haqqında" qanunla "dərman vasitələri haqqında" qanunun birləşdirilməsi təklifini verib. Qeyd edib ki, mahiyyətcə eyni olan qanunların birləşdirilməsi daha məqsədəuyğun olar. Millət vəkili hər rayonda bir dövlət aptekinin də açılması təklifini verib: "Həkimlərin əksəriyyəti özəl apteklərlə işləyir. Onlar xəstələrə yalnız özəl apteklərdən dərman almağı tövsiyə edirlər. Xəstələrin çoxunun isə buna imkanı çatmır".

Məlum sənədlə bağlı millət vəkillərindən Səyavuş Novruzov, Abel Məhərrəmov, Nizami Xudiyev, Pənah Hüseyn və digərləri çıxış edərək dərman bazarında qeyri-qanuni vəziyyətin yarandığını, ölkəyə qanunsuz yolla dərman gətirildiyini, kustar üsulla dərman hazırlığını etiraf ediblər və bunun qarşısını almaq üçün müvafiq qanunun qəbulunun vacibliyini qeyd ediblər. Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Xəbər lenti

Xəbər lenti