...

Rusiyada təhsil alan azərbaycanlı tələbənin hüquqları bərpa edilib

Cəmiyyət Materials 6 Sentyabr 2006 11:25 (UTC +04:00)

Rusiya Federasiyasının Pyatiqorsk Dövlət Dilçilik Universitetinin təcrümə fakültəsində təhsil alan azərbaycanlı tələbə Zemfira Həsənova həmin ali məktəbin erməni mənşəli müəllimlərinin təzyiqləri ilə üzləşib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, 2005-ci ildə Pyatiqorsk Dövlət Dilçilik Universitetinin təcrümə fakültəsinə daxil olmuş Zemfira Həsənova elə ilk gündən təhsil müəssisəsinin rəhbərliyində təmsil olunan bəzi şəxslərin təzyiqləri ilə üzləşib. Kifayət qədər nümunəvi tələbə olmasına, dərslərdə yüksək davamiyyəti ilə seçilməsinə baxmayaraq, həmişə təzyiqlərlə qarşılaşan azərbaycanlı tələbə uzun müddət psixoloji gərginlik içərisində yaşamalı olub.

Qeyd edək ki, universitetdə bir neçə erməni də yüksək vəzifələrdə çalışır və onlar öz imkanlarından istifadə edərək, Z.Həsənovanı ali məktəbdən uzaqlaşmağa məcbur etməyə cəhd göstəriblər. Bununla yanaşı Univesitetin tələbə yataqxanasında məskunlaşmış Z.Həsənova burada da ciddi problemlərlə üzləşib. Belə ki, yataqxananın milliyyətcə erməni olan komendantı hər dəfə müxtəlif bəhanələrlə azərbaycanlı tələbədən yaşadığı otağı dəyişməyi tələb edib. Vəziyyətin belə davam etməsi Z.Həsənovanı çıxılmaz vəziyyətə salıb və təhsilini yarımçıq qoymaq haqqında düşünməyə vadar edib.

Bununla əlaqədar, Z.Həsənovanın valideynləri Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə müraciət edərək məsələni araşdırmağı və müvafiq kömək göstərməyi xahiş ediblər. Dövlət Komitəsinin müraciəti əsasında Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) rəhbərliyi məsələyə müdaxilə edərək, baş verənlərə aydınlıq gətirib. ÜAK-ın Stavropol regional təşkilatının sədri Fəxrəddin Yarıyevin Universitet rəhbərliyi ilə apardığı danışıqlardan sonra, Z.Həsənovanın problemləri öz həllini tapıb. Bundan başqa, azərbaycanlı tələbə öz xahişi ilə "Dövlət idarəçiliyi" fakültəsinə köçürülüb. Universtitet rəhbərliyi bundan sonra Z.Həsənovanı diqqətdə saxlayacaqlarını və ona qarşı təzyiq göstərən şəxslərin cəzalandırılacağını bildiriblər.

Xəbər lenti

Xəbər lenti