...

Dövlət ittihamçıları Hacı Məmmədova və onun bandasının üzvlərinə məhkəmədən cəza tələb edəcək

Cəmiyyət Materials 1 Dekabr 2006 11:41 (UTC +04:00)

Dekabrın 5-də dövlət ittihamçıları Hacı Məmmədova və onun bandasının üzvlərinə məhkəmədən cəza tələb edəcək. Trend xəbər verir ki, bu barədə qərar dekabrın 1-də məhkəmə iclasına sədrlik edən hakim Əli Seyfəliyev tərəfindən qəbul edilib.

Məhkəmə iclası başlayan kimi hakim noyabrın 30-da dövlət ittihamçısı Bəşir Cəfərovun məhkəmə istintaqının yekunlaşdırılmasına dair qaldırdığı vəsatəti müzakirəyə çıxarıb. Vəkillər və təqsirləndirilən şəxslər vəsatəti dəstəkləyiblər.

Prokurorlar Bəşir Cəfərli və Abdulla Yusifov epizodların çox olduğunu nəzərə alaraq çıxışa hazırlaşmaq üçün məhkəmədən bir həftə möhlət istəsələr də, hakim bununla razılaşmayıb və çıxışa hazırlaşmaq üçün prokurorlara 4 gün möhlət verib.

Prokurorların çıxışlarından sonra vəkillərin çıxışları və təqsirləndirilən şəxslərin son sözləri dinləniləcək. Dekabrın sonunadək hökmün elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, çoxsaylı qətllərdə və adam oğurluqlarında təqsirləndirilən DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində keçirilir.

Xəbər lenti

Xəbər lenti