...

Avropa Şurasının baş katibi: "Avropa Şurası Azərbaycan hakimiyyətinə fikir azadlığının qorunmasında köməklik etməyə hazırdır"

Cəmiyyət Materials 3 May 2007 14:50 (UTC +04:00)
Avropa Şurasının baş katibi: "Avropa Şurası Azərbaycan hakimiyyətinə fikir azadlığının qorunmasında köməklik etməyə hazırdır"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurasının baş katibi Terri Devis Azərbaycanda ifadə azadlığına qarşı mövcud təhlükədən çox narahat olduğunu bildirib. Bu barədə cümə axşamı Avropa Şurasının Bakı Ofisi məlumat yayıb.

"Son aylarda bir sıra jurnalist deffamasiya cinayəti ilə ittiham olunaraq həbs olunub və ya öz peşə fəaliyyəti ilə əlaqəli olması güman edilən fiziki hücumlara məruz qalıb" -deyə Avropa Şurasının baş katibi qeyd edib.

Onun fikrincə, bu narahatlıq yaradan təhlükələr aprelin 20-də "Gündəlik Azərbaycan" və "Realnı Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin internetdə yazdığı yazının cinayətkarcasına böhtan və təhqir hesab edilərək, iki il yarımlıq həbs cəzasına məhkum olunması ilə kuliminasiya nöqtəsinə çatıb: "Bu qəbuledilməzdir və Azərbaycanın beynəlxalq nüfuzuna böyük ziyan vurur".

Baş katib hesab edir ki, deffamasiya ilə bağlı cinayət sanksiyaları insan hüquqları və qanunun aliliyinə hörmətlə yanaşan istənilən demokratik ölkədə aradan qaldırılmalıdır.

Devis deyib ki, hökümətlər jurnalistlərin təhlükəsiz və müstəqil şəkildə, hakimiyyət və ya hər hansı digər şəxslər tərəfindən yersiz təsir və təzyiqlərə məruz qalmadan  işləmələrinə zəmanət verməklə həqiqəti qorumalıdırlar. "Fikri ifadə etmək azadlığı aydın, hüquqi cəhətdən müəyyən olunmuş və Avropa İnsan Hüquqları Konvensiyası tərəfindən qorunan anlayışdır. Biz Azərbaycan hakimiyyətinə fikri ifadə etmək azadlığının qorunması üçün həm öz qanunvericiliklərini, həm də inzibati və məhkəmə təcrübələrini Avropa Şurasına üzv olan dövlətdən gözlənilən səviyyəyə çatdırması üçün köməklik etməyə hazırıq" - deyə Avropa Şurasının baş katibi bildirib.

Xəbər lenti

Xəbər lenti