...

AFFA prezidenti: "AFFA-ya və mənə qarşı ittihamları bir qrup şəxs təşkil edir"

Cəmiyyət Materials 8 May 2007 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ AFFA-ya və mənə qarşı ittihamların arxasında dayananlar var və bu ittihamları bir qrup şəxs təşkil edir. Bu barədə çərşənbə axşamı Bakıda Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) prezidenti Ramiz Mirzəyev məlumat verib.

Onun fikrincə, bəzi insanlar futbol sahəsindəki vəziyyətlə bağlı fikirlərini bildirərkən yanlışlığa yol verirlər. Daha doğrusu, bu sahənin qayda-qanunlarından bixəbər olduqlarını nümayiş etdirirlər.

"Biz isə eyni mənbədən idarə olunan, qidalanan bu cür insanların dediklərinə qətiyyən fikir vermirik. Biz, sadəcə, öz işimizlə məşğuluq. Biz AFFA-nın mövcud qayda-qanunlarına, Nizamnaməsinə, daxili reqlamentinə, o cümlədən dövlətin bu sahəyə köməkliyinə və beynəlxalq təşkilatların yardımlarına əsasən öz işimizi qururuq", -deyə Mirzəyev əlavə edib.

Onun fikrincə, AFFA-ya qarşı ittihamları təşkil edən şəxslər pərdə arxasında gizləniblər. Mirzəyev qeyd edib ki, bu ittihamları təşkil edən şəxslərin kimliyi ona çox yaxşı məlumdur: "Ancaq onların səviyyəsinə enib buna reaksiya vermək istəmirəm. Biz hər şeyi öz işimizlə ortaya qoyuruq. Bu insanlar Azərbaycan futbolunun yox, özlərinin şəxsi maraq və mənafelərindən çıxış edirlər. Onlar Azərbaycan futbolunu, bu sahəyə cavabdehlik daşıyan şəxsləri öz çirkin siyası oyunlarına cəlb etmək istəyirlər. Ancaq nə dövlət bunlara ciddi yanaşır, nə də biz belə adamlara əhəmiyyət veririk. Bu gün Azərbaycan futbolunda sağlam rəqabət var. Odur ki, bu adamlar kimlərisə öz çirkin oyunlarına cəlb etməkdənsə öz işləri ilə məşğul olsalar, yaxşıdırlar".

Mirzəyev onunla ARDNŞ prezidenti Rövnəq Abdullayev arasında kəskin qarşıdurmanın olması haqda deyilənləri təkzib edib. Bildirib ki, onunla Rövnəq Abdullayev arasında heç bir qarşıdurma yoxdur: "Biz Rövnəq Abdullayevlə vaxtilə bir sahədə çalışmışıq. O da vaxtilə zavod direktoru olub, mən də. Bu gün Rövnəq Abdullayev ARDNŞ-in prezidenti olmaqla yanaşı, həm də futbol klublraından birinin prezidentidir. Mən də həm yanacaq və energetika nazirinin müavini, həm AFFA-nın prezidenti vəzifəsində çalışır, həm də digər ictimai işlərlə məşğul oluram. Demək istəyirəm ki, hərəmiz öz işimizlə məşğuluq".

AFFA-nın İcraiyyə Komitəsinin bəzi üzvlərinin qanunsuz istefaya göndərilməsi ilə bağlı ittihamları rədd edən federasiya prezidenti vurğulayıb ki, həmin şəxslər konfransda yox, futbol sahəsində fəaliyyətlərini dayandırdıqları üçün AFFA-nın mövcud qayda-qanunlarına uyğun olaraq avtomatik AFFA-nın İcraiyyə Komitəsinin üzvlüyündən kənarlaşıblar: "Yəni, burada kiminsə qeyri-qanuni şəkildə AFFA-nın İcraiyyə Komitəsinin üzvlüyündən uzaqlaşdırılmasından söhbət gedə bilməz. Bunlar, sadəcə, uydurmalardır".

Gələn il AFFA prezidenti kimi səlahiyyət müddəti bitən Mirzəyev yenidən bu posta öz namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı suala dəqiq cavab verməyib. "Növbəti seçkilərdə AFFA prezidentliyinə namizədliyimi irəli sürüb-sürməyəcəyimi də özüm həll edəcəyəm. Bunlar isə gələcəyin işidir. Bu gün istər AFFA rəhbərliyi olsun, istər bu qurumun aparatında çalışan insanlar olsun, istər futbolçular olsun, hər birinin konkret vəzifələri var və onlar bu vəzifələrinə uyğun olaraq fəaliyyətlərini davam etdirirlər", -deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti