...

Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi: "Ən böyük problem qərar qəbul edən orqanlar tərəfindən qanunvericiliyə riayət olunmaması ilə bağlıdır"

Cəmiyyət Materials 29 May 2007 14:09 (UTC +04:00)
Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi: "Ən böyük problem qərar qəbul edən orqanlar tərəfindən qanunvericiliyə riayət olunmaması ilə bağlıdır"

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun Trend ə eksklüziv müsahibəsi

-Azərbaycana qarşı Avropa Məhkəməsi artıq üç qərar qəbul edib. Həmin qərarların icra vəziyyəti barədə məlumat verərdiniz.

-Bu günə kimi Azərbaycana qarşı çıxarılan qərarların üçündə insan hüquqlarının pozulması aşkar edilib. Həmin qərarların ikisi barədə Avropa Məhkəməsindən bizə rəsmi məlumat daxil olub, sonuncu qərarla bağlı isə hələlik belə rəsmi bildiriş verilməyib.

Fəhmin Hacıyevlə bağlı qərar qüvvəyə minəndən sonra Azərbaycan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Ali Məhkəməyə göndərilib. Ali Məhkəmə Cinayət-Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən tədbirlər görüb. Hacıyevin şikayəti hazırda Apellyasiya Məhkəməsinin icraatındadır.

Qərarın maliyyə tərəfinə gəlincə isə artıq Avropa Məhkəməsinin müəyyən etdyi məbləğ ərizəçiyə ödənilib. Hesab edirəm ki, artıq Avropa Məhkəməsinin qərarı icra olunub.

Sərdar Cəlaloğlunun şikayəti ilə bağlı qərar isə aprelin 11-də qüvvəyə minib. Qərarın maliyyə tərəfinin icrası ilə bağlı müvafiq tədbirlər görülür və müəyyən olunmuş müddətdə kompensasiyanın ödənilməsi nəzərdə tutulur.

Nabat Ramazanova və digərləri ilə bağlı Azərbaycana qarşı qərar qüvvəyə minəndən sonra həmin qərarın icrası ilə bağlı müəyyən tədbirlər həyata keçiriləcək.

- Apellyasiya Məhkəməsi Fəhmin Hacıyevin müddətin bərpası ilə bağlı şikayətini rədd edib. Azərbaycan hökumətinin üzərinə bu işə yenidən baxılması vəzifəsi qoyulubmu?

- Avropa Məhkəməsinin qərarlarında hansısa tədbirlərin görülməsi mütləq, məcburi deyil. Hacıyevlə bağlı çıxarılan qərarda dəymiş mənəvi ziyana görə ödəniləcək təzminatın məbləği göstərilib. Həmçinin onun məhkəməyə müraciət etmək hüququnun pozulduğu (maddə 6) qeyd olunub. Bu qərarın hansı qaydada icra olunması barədə qərarı isə Azərbaycan hökuməti qəbul edir. Onun şikayəti ilə bağlı Apellyasiya Məhkəməsinin qərarı ilə tanış deyiləm. Qəbul edilmiş qərar Avropa Şurasının Nazirlər Komitəsinə göndəriləcək və qərarın icrası ilə bağlı görülən tədbirlər barədə məlumat veriləcək.

- Avropa Məhkəməsi ilə neçə şikayətlə bağlı kommunikasiya aparılır?

- Cari ilin yanvarınadək Azərbaycana qarşı Avropa Məhkəməsinə 1500-dək şikayət daxil olub. Şikayətlərin böyük əksəriyyəti rədd olunub. 200 şikayət baxılmaq üçün Komitələrə verilib. Digərləri isə rədd olunub. Azərbaycana qarşı verilmiş şikayətlərdən bugünə kimi yalnız 46 şikayət üzrə bizə bildiriş göndərilib, kommunikasiya verilib. 16 şikayət barədə qərar çıxarılıb. Onlardan üçü Azərbaycana qarşı qərardır, 13-ü rədd olunub. Hazırda 30 iş üzrə Avropa Məhkəməsi ilə yazışma aparılır. Onların əksəriyyəti ilə bağlı Avropa Məhkəməsi tərəfindən baxışın birinci mərhələsi başa çatıb.

Şikayətlər arasında Konvensiya ilə qorunan müxtəlif hüquqların pozulması ilə bağlı şikayətlər var. Əvvəllər Konvensiyanın 11-ci maddəsinin (yığıncaqlar və birləşmək azadlığı) pozuntusu ilə bağlı şikayətlər çox idi. Hazırda bu şikayətlərin sayı azalıb. Bu hüququn pozulması demək olar ki, baş vermir. Nabat Ramazanova və digərlərinin Azərbaycana qarşı Avropa Məhkəməsinin qərarı buna təsir göstərən amil deyil. Azalma Azərbaycanda Qeyi-Hökumət Təşkilatlarının qeydiyyatı ilə bağlı yeni qanunvericiliyin qəbulu ilə izah olunmalıdır. 2003-cü ilin dekabrında QHT-lərin qeydiyyat sistemi yeni qanunla tamamilə dəyişib. Onların qeydiyyatı ilə bağlı bütün problemlər yeni qanunla həllini tapıb. Avropa Məhkəməsinə bununla bağlı daxil olmuş 11 şikayət 2003-cü ildən əvvəlki dövrü əhatə edir.

3-cü maddənin (işgəncələrin qadağan olunması) pozulması ilə bağlı 2-3 şikayət var. Bu şikayətlər Avropa Məhkəməsi tərəfindən qeyri-mümkün hesab olunub. Avropa Məhkəməsinə göndərilən şikayətlərdə ərizəçilər bu işlərə yerli məhkəmələrdə baxılmadığını göstərib. Həmin işlər öyrənilərkən qeyd olunanlarla bağlı lazımi tədbirlərin görüldüyü müəyyənləşib.

İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planında qeyd olunub ki, müvafiq işçi qrup tərəfindən istintaq altında olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı qanun layihəsi hazırlanmalıdır. ATƏT-in yerli ofisi ilə belə bir layihə hazırlanıb, Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Bu qanunun qəbulu ilə həmin sahədə boşluqlar və problemlər aradan qaldırılacaq. Bunu Cəlaloğlunun işi ilə bağlı hökumət tərəfindən görülmüş tədbir hesab etmək olar.

Qərarların hamısı 6-cı maddəyə (ədalətli məhkəmə hüququ) toxunur. Bu da təbiidir. Avropa Məhkəməsinə göndərilən şikayətlər ilk növbədə yerli məhkəmələdən keçməlidir. Burada iki tərəf olduğundan tərəflərdən biri mütləq məhkəmədən narazı qalacaq. Ona görə də 6-cı maddə ilə bağlı şikayətlərin sayı çoxdur. Son vaxtlar bizə kommunikasiya üçün göndərilən şikayətlər öyrənilərkən müəyyən olunur ki, orada qaldırılan problemlər yerli məhkəmələrdə qaldırılmayıb. Həmin hüquqların pozulduğu vətəndaşın apellyasya, kassasiya şikayətlərində qeyd olunmayıb. Bununla da ölkədaxili hüquqi vasitələrin tükəndirilmədiyi üzə çıxır.Lakin qeyd olunan pozuntularla bağlı şikayətlər sistemli xarakter daşımır. Şikayətlərin təhlili zamanı belə bir nəticə əldə olunmayıb. Belə bir problem QHT-lərin qeydiyyatı ilə bağlı idi və bu da həllini tapıb. Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət) və 9-cu (fikir, vicdan və din azadlığı) maddələrinin pozuntusu ilə bağlı şikayətlər yoxdur.

- Kommunikasiya olunan işlər konkret olaraq kimlərlə bağlıdır?

- Kommunikasiya olunan şikayətlər arasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin şikayətləri var. Bu şikayətlərlə bağlı bizə kommunikasiya 2 həftə öncə daxil olub. Hazırda bu işlər tərəfimizdən öyrənilir. Bundan sonra Avropa Məhkəməsinə müvafiq rəy veriləcək. Bu şikayətdə ərizəçilər Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), 1-ci Protokulun 1-ci (mülkiyyətin müdafiəsi) maddələrində qeyd olunan hüquqlarının pozulduğunu iddia edirlər.

Sabiq müdafiə naziri Rəhim Qazıyevin də şikayəti üzrə kommunikasiya aparılır. O, məhkəmə prosesinin Qobustan qapalı həbsxanasında keçirildiyini və bununla da Konvensiyanın 6-cı maddəsi ilə qorunun hüququnun pozulduğunu iddia edir. Lakin biz materialları öyrənərkən məlum oldu ki, Qazıyev Ali Məhkəməyə bu barədə şikayət verməyib. Yəni bu pozuntunun Ali Məhkəmə tərəfindən bərpasına imkan verməyib. Beləliklə də bu pozuntu ilə bağlı ölkədaxili müdafiə vasitələri tükəndirilməyib. Bu barədə Avropa Məhkəməsinə məlumat verilib.

Fərhad və qardaşı Rafiq Əliyevlərin şikayətləri ilə bağlı bizə kommunikasiya 2 həftə öncə daxil olub. Hazırda bu işlər tərəfimizdən öyrənilir. Bundan sonra Avropa Məhkəməsinə müvafiq rəy veriləcək. Bu şikayətdə ərizəçilər Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), 1-ci Protokulun 1-ci (mülkiyyətin müdafiəsi) maddələrində qeyd olunan hüquqlarının pozulduğunu iddia edirlər.

Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumların cəzalarının 15 ilə endirilməsi problemi ilə bağlı şikayətlər də var. Rahib Məsimov bu problemi Avropa Məhkəməsi qarşısında qaldırıb. Onlar iddia edirlər ki, məhkum olunan zaman qanunvericilikdə ömürlük azadlıqdan məhrumetmə cəzası olmayıb. Bu səbəbdən də onların ölüm cəzası 15 illə əvəzlənməlidir. Lakin bu şəxsin şikayətinin mümkünlüyü barədə qərarda Avropa Məhkəməsi qeyd edib ki, problem Avropa Konvensiyasına və Azərbaycan qanunvericiliyinə uyğun həll olunub. Bu qərarda Avropa Məhkəməsi Əlikram Hümbətovun Azərbaycana qarşı şikayətinin mümkünlüyünə dair qərara istinad edib. Həmin qərarda göstərilib ki, belə bir proses Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Omürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. O, ağır cəza kimi qəbul edilə bilməz. Bu səbəbdən də burada Konvensiyanın 7-ci maddəsinin (qanunsuz cəzalandırılmamaq) pozuntusundan söhbət gedə bilməz. Hesab edirəm ki, cəmiyyətdə qaldırılan bu problem əsassızdır və müəyyən qrup şəxsin maraqlarına xidmət edir. Məsimovun işində Avropa Məhkəməsi yalnız bir məsələ ilə - işinə Ali Məhkəmədə baxılması ilə bağlı (maddə 6) prosessual pozuntuların olması barədə kommunikasiya aparır.

-Şikayətlər təhlil olunarkən qanunvericiliyin ən çox hansı sahələrində boşluqların olduğu, Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac duyulduğu müəyyən olunub?

- Ən böyük problem qərar qəbul edən orqanlar tərəfindən qanunvericiliyə riayət olunmaması ilə bağlıdır. Əgər hansısa qanunun müddəası düzgün tətbiq olunmursa, artıq bu, problem yaradır. Bu yalnız təcrübə problemidir və müxtəlif sahələr üzrə qeydə alınıb.

- Son vaxtlar Azərbaycanda jurnalistlərə qarşı onların peşə fəaliyyəti ilə bağlı çıxarılan ittiham hökmlərinin sayı artıb. Həbs olunmuş jurnalistlər və onların vəkilləri Avropa Konvensiyasının 10-cu maddəsinin (ifadə etmək azadlığı) pozulduğunu və bununla bağlı Avropa Məhkəməsinə müraciət olunacağını bəyan ediblər. Bu məsələ sonradan Azərbaycan üçün problemlər yaratmayacaq ki?

- Bu sahədə problem olduğunu hesab etmirəm. Jurnalistlər barədə ittiham hökmlərinin qəbul edilməsi onların peşə fəaliyyəti ilə bağlı deyil. Bizdə kommunikasiya olunan işlər sırasında "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadənin şikayətləri var. Bu şikayət 2004-cü ildə onların Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) üzrə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmaları ilə bağlıdır. Həm o vaxtkı, həm də indiki icraatda onların azadlığı pozulmayıb. President hüququnda qeyd olunub ki, hər bir jurnalist məlumat verərkən məsuliyyətini dərk etməlidir. Əgər jurnalist yanlış məlumat verirsə, digərlərinin dəqiq məlumat almaq hüququnu pozur. Bu isə jurnalistin məsuliyyətini yaradır.Kəbirlinin işi ilə bağlı kommunikasiya aparılarkən biz mövqeyimizi bildirmişik. 2005-ci ilin sonundan indiyədək bu şikayətin mümkünlüyü barədə qərar çıxarılmayıb və məsələ konkret həll olunmayıb.

Xəbər lenti

Xəbər lenti