...

AŞPA-ya Azərbaycanda söz azadlığı və mətbuatın durumuna dair sənəd təqdim ediləcək

Cəmiyyət Materials 12 İyun 2007 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan ictimaiyyətinin, vətəndaş cəmiyyəti qurucularının, siyasi partiyaların, medianın adından Avropa Şurası Parlament Assambleyasına (AŞPA) sənəd təqdim ediləcək. Bu barədə "Azadlıq" siyasi blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda mətbuatın, söz azadlığının indiki durumunu əks etdirən vahid bir sənəd hazırlanacaq. Medianın mövcud problemlərinin, jurnalistlərə qarşı təzyiqlərə dair faktların əks olunduğu həmin sənəd AŞPA-nın iyun sessiyasında müzakirəyə çıxarılması üçün yaxın günlərdə bu beynəlxalq quruma təqdim ediləcək. Azərbaycanda jurnalistlərə qarşı ədalətsiz hökmlər çıxaran hakimlərə, media nümayəndələrini məhkəməyə verən, onların cərimələnməsinə, həbsinə nail olan məmurlara qarşı sanksiyalar tətbiq edilməsi, bu şəxslərin xarici ölkələrə buraxılmaması Avropa Şurasından tələb ediləcək.

Əliyevin sözlərinə görə, sənədi müxalifət partiyalarının, bir sıra media orqanlarının, jurnalist təşkilatlarının rəhbərləri, hüquq müdafiəçiləri imzalayacaqlar.

Hazırda Azərbaycanda yeddi nəfər jurnalist həbsdədir, bəzi qəzetlərin bank hesabına həbs qoyulub, həmçinin bəzilərinin nəşri dayandırılıb və yerləşdikləri ofislərdən çıxarılıb.

Xəbər lenti

Xəbər lenti