...

Azərbaycanın nümayəndələri Berlində keçiriləcək VI Türk Günü Şənliyində iştirak edəcək

Cəmiyyət Materials 28 İyun 2007 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Almaniyanın Berlin şəhərində şənbə günü keçiriləcək VI Türk Günü Şənliyində Azərbaycan diasporu və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak edəcəklər. Bu barədə cümə axşamı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Berlin Türk Cəmiyyətinin təşkil etdiyi tədbirin əsas məqsədi Almaniyadakı türk icmasının alman cəmiyyətinə inteqrasiyaya başlamasının 45 illiyini qeyd etmək, türk diasporu ilə alman xalqı arasında qarşılıqlı fəaliyyət və tolerantlığın daha da inkişafına inamı nümayiş etdirməkdir.

İyunun 30-da keçiriləcək mərasimə Almaniyada yaşayan türklər və bu ölkədə fəaliyyət göstərən türk QHT-ləri ilə yanaşı adətən Avropanın digər dövlətlərində yaşayan türklər də gəlirlər. Bayram tədbirində 500 minədək insanın iştirakı gözlənilir.

Qeyd edək ki, Türk Günü Avropada yaşayan 3 milyonadək türkün gücünü və birliyini göstərir, eyni zamanda türk mədəniyyətinin tanınmasında bir vasitədir. Bu tədbir türklərin folklorunu, milli musiqisini və rəqslərini, müasir incəsənət nümunələrini, eləcə də zəngin mətbəxini avropalılara təqdim etmək üçün müstəsna bir fürsətdir. Bu şənlik həm də Türk-Alman Mədəniyyət Bayramına hazırlıq xarakteri daşıyır.

Almaniyanın tarixi məkanlarından biri olan Brandenburq qapıları önündə iki gün ərzində davam edəcək VI Türk Günü Şənliyi Türkiyənin "TRTint" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti