...

Dəvəçi sakinləri yeddi yaşlı sakinin itkin düşməsi ilə bağlı etiraz aksiyası keçirib

Cəmiyyət Materials 20 Avqust 2007 16:03 (UTC +04:00)

Azərbaycan, Quba/ Trend , müxbir A.Qafarov/ Dəvəçinin Dağ Brizi kəndinin bir qrup sakini iyulun 6-dan itkin düşmüş 7 yaşlı Reyhanə Məcidovanın tapılmamasına etiraz olaraq rayon Prokurorluğu qarşısında aksiya keçirib.

İyulun 6-da itkin düşmüş 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidovaların atası Zamir Məcidov bazar ertəsi Trend in bölgə müxbirinə bildirib ki, Prokurorluqdan onlara məsələnin Baş Prokurorluğun nəzarətində və diqqətində olduğu, Reyhanə Məcidovanın meytinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyi barədə məlumat verilib. Axtarış üçün Samur-Abşeron su kanalının suyunun yenidən kəsiləcəyini bildirən Prokurorluq rəsmiləri istintaqın gedişi ilə bağlı istintaq sirlərinin yayılmamasını əsas gətirərək məlumat verməyiblər.

Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Dəvəçi rayon şöbəsinin baş həkimi Nizami Qasımov bildirib ki, Nailə Məcidovanın təqsirləndirilən şəxs tərəfindən zorlanıb-zorlanmadığı barədə ekspertiza rəyi gələn həftə açıqlanacaq.

14 yaşlı Nailə Məcidovanın meyti avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən ərazisindən keçən hissəsində aşkarlanıb. Şübhəli şəxs qismində saxlanılan Təvəkkül İsmayılov ifadəsində hər iki qızı qətlə yetirdiyini və kanala atdığını etiraf etsə də, onları zorlamadığını bildirib. O, qətli uşaqların atası ilə arasında olan şəxsi ədavətə görə törətdiyini deyib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə başlanmış cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən araşdırılır.

Dəvəçi rayonu paytaxt Bakıdan 150 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti